Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hələ də uzaq bir səyyarəyəm"
"Hələ də uzaq bir səyyarəyəm"

On ildən artıq müddətdə çalışdığım milli kitabxanada bütün vücudu şeir, poeziya ilə dolu olan bir əməkdaşımızdan yazmaq istədim.Bu arzu içimə nə vaxt doldu bilmirəm.Sadəcə istəyirəm ki, onun şeirlərini oxuduqdan sonra aldığım xoş təəssüratı ədəbiyyatsevərlərlə bölüşüm. Söhbət Azərbaycan Yazıçılar Birliyinin üzvü, dörd kitab müəllifi, şeirləri müntəzəm olaraq dövri mətbuatda çap olunan və sevilərək oxunan Səyyarə Məmmədlidən olacaq.

"Hələ də uzaq bir səyyarəyəm" desə də şəxsən mənə, mənim ruhuma, yaxın Səyyarə. Doğulduğu sazlı- sözlü Göyçə mahalından illər öncə uzaq düşsə də Dədə Ələsgər yurdunun ədəbi yaddaşını varlığında daşıyan, şirin ləhcəsi şeir, poeziya ətirli Səyyarə. Hər dəfə onunla rastlaşanda elə bil poeziyanın pak, müqəddəs orbitinə düşürəm. Bir insanın şeirlə, poeziya ilə necə nəfəs aldığını onun şəxsində görürəm. Səyyarə xanıma görə poeziyanın tərifi belədir:

Yalanların içində gizlənmiş

həqiqətdi.

Həqiqətin içində

daha böyük həqiqətdi.

Adilikdə

qeyri- adilikdi.

...ilahi hissdi- Poeziya.

Yaşadığımız hər anın, məişətdə, gündəlik həyatda bəzən əhəmiyyət vermədiyimiz ən xırda detalın, hadisənin onun qələmi ilə gözəl bir şeirə, bədii mətnə çevrilməsinin dəfələrlə şahidi olmuşam. "Fikirlər", "Qara pişik", "İlk Avropa oyunları","Bəxtimə" "Qar" və s. şeirlər bu qəbildəndir.O, təpədən- dırnağa ədəbiyyat adamıdır. Bütün bunlar deməyə əsas verir ki, Səyyarə xanımın yaradıcılığı həm janr, həm də mövzu baxımından rəngarəngdir və o, heç vaxt mövzu qıtlığı çəkmir. Bunu onun işıq üzü görən kitablarını oxuduqdan sonra bir daha anlamaq olur.

Aşıq Ələsgərdən üzü bəri təbiətin gözəl təsvirini bir çox ədiblərin yaradıcılığında görmüşük. Səyyarə xanımın şeirlərində də təbiətin gözəlliyi, fəsillərin rəngarəngliyi özünəməxsus boyalarla əks olunur. İstər təbiət, istərsə də cəmiyyət hadisələrinə poetik və fəlsəfi yanaşma onun lirikasının əsas özəyini təşkil edir. Məişət və uşaq mövzusunda yazılmış şeirlərində isə incə yumor hissi duyulur. Bu kitabları oxuyub qurtarandan sonra bir kənara qoymaq olmur, şeirlər ahənrüba kimi adamı yenidən özünə çəkir, oxuduqca oxumaq, hər misrasından yeni- yeni mənalar aşkara çıxarmaq istəyirsən.Çünki bu şeirlər yaşadığımız həyatın özüdür və sanki ilahi qüvvənin diktəsi ilə yazılıb. Səyyarə xanımın poeziyasının gücü və çəkici cazibəsi məhz bundadır.Onun şeirlərində Azərbaycan qadınının, vəfalı həyat yoldaşının, qaygıkeş ananın, qədirbilən övladın, işgüzar xanımın, ən başlıcası qeyrətli bir vətəndaşın ürəyi döyünür. Mənə elə gəlir ki, şeiriyyat, poeziya Səyyarə xanımln qanında, canındadır. Təsadüfi deyil ki, Səyyarə xanımın şeirlərində onun vətən eşqi ilə döyünən ürək çırpıntılarını, uzaqlarda qalmış Göyçənin canına hopmuş yangısını hiss edirsən.

Göyçədəydim.Səhərədək

Yuxum bal daddı, bal daddı.

Yenə məni uşaq kimi

Aldatdı yuxum, aldatdı.

"Koroglu ola bilmədik" adlı şeirində o, bu yurdun agrısına sanki agı deyir:

Bu yurdu qala bilmədik,

Bu yurdda qala bilmədik.

Koroğlu ola bilmədik,

Keçəlləşmə gedir bizdə.

Səyyarə xanım bizim olan hər şeyin özününküləşdirilməsinə can atan və bəzən nə yazıq ki, buna nail olan bədnam qonşularımıza da etiraz səsini ucaldır:

Unutduğumuz hər dəyər

Düşür şeytanın yadına.

O zanan ayılırıq ki,

Erməni çıxıb adına.

Dəyərləri qoruyaq biz!

2016- cı ilin aprel döyüşlərində hər ikimizin oglu hərbi xidmətdə idi. İki əsgər anası narahatlıq və təşviş içində hadisələrin gedişini izləyir, gecə- gündüz əsgər balalarımıza dualar edirdik.

İndi günlərimin biri bir ildir,

Əsgər anasından biriyəm mən də.

Onunla torpaga yaxınam deyə,

Bir ümid, bir güman yeriyəm mən də.

Etiraf edim ki, elə o çətin günlərdə də Səyyarə xanımın müharibə ilə baglı yazdığı silsilə şeirlər qəlbimi ovundurur, məni darıxmaga qoymurdu. İllər sonra dərk edirəm ki, bu şeirlər zamanında yazılmış, amma heç zaman dəyərdən düşməyəcək, insanlara ruh yüksəkliyi və mübarizə əzmi aşılayan şeirlərdir.

Torpağa tökülən şəhid qanından

Əsgər bitirəcək torpaq bu bahar!

Udub damla- damla, bəsləyib dən- dən...

Əsgər bitirəcək torpaq bu bahar!

Belə orjinal, bənzərsiz misralardan çox nümunə gətirmək olar. Əsas məsələ odur ki, Səyyarə xanımın əminliklə inanıb yazdığı kimi 2014- cü ilin baharında torpaq qısa bir zaman kəsiyində bizə zəfər tarixini yaşadan əsgər ordusu yetişdirdi. Səyyarə xanım uzaqgörənliklə, həssas qəlbinin gözüylə o günü görüb yazırdı:

Düşünmə qurd basdın, arxalı köpək,

O qurd öz sözünü deyəcək bir gün.

Özgə torpagında olan gözünü

Halal yiyələri oyacaq bir gün!

Müzəffər ordumuzun düşmən tapdağı altlnda qalan torpaqları azad etməsində Səyyarə xanımın oglu Oguzun da payı oldu. Qalib əsgərin şair anası oğluna yazırdı:

İndi cəbhədə keçən

Gün, saatına qurban!

Səni yaxıb- yandıran

Qisas oduna qurban!

Bu, tarixdi, yaşa, dön!

Zəfərlə çat başa , dön!

Türk soyunu yaşadan

"Oguz" adına qurban!

Bəli, Oguz kimi igid oğulların sayəsində qələbə sevincini yaşadıq. Hamı kimi Səyyarə xanım da sevindi.Amma bu sevinc hissi tam deyil, çünki onun qəlbində Göyçə həsrəti təəssüf ki, hələ də qövr edir.

Hələ Göyçə kimi dərdim var mənim,

Məni o dərddən də qurtar, İlahi!

Bizə Göyçəmizi qaytar, İlahi!

Bəlkə də elə bu həsrətin acısı Səyyarə xanımın şeirlərinə bir qədər kədər ovqatı qatır:

Nələr çəkəcəkmiş gör hələ başım,

Təskin olacaqmış yayıma qışım,

Səndən cavan köçdü, cavan qardaşım,

Mən səndə nə təhər yaşayım, dünya?

Bu misralar hardasa mənə hələ gənc ikən yazdığım iki şeiri xatırlatdı:

Beşgünlüyəm deyib bizi azdırdın,

Gör neçə cavana qəbir qazdırdın.

Dərddən Tərlanəyə şeir yazdırdın,

Yaman incimişəm səndən, ay dünya!

və ya

Nələr gələcəkmiş mənim başıma,

Nələr çıxacaqmış mənim qarşıma.

Sən Allah, özünü yorub danışma,

Bir tərki- dünyayam, kənar gəz məndən.

İllər öncə bir- birimizdən uzaqda, bir- birimizi tanımadan, bir- birimizdən xəbərsiz yazdıgımız şeirlərdə bir baglılıq, bir doğmalıq , bir yaxınlıq var. Mənə yaxın olan Səyyarə kimi. Bəlkə də əgər o zamanlar mənə ruhən yaxın olan Səyyarə xanımı tanısaydım, bu şeiri yazmazdım.

Bu yazını isə onun etirazına baxmayaraq tərəddüd etmədən yazıram. Çünki özümü qəhrəman əsgər anasına mənən borclu bilirəm. 44 günlük Vətən müharibəsində bütün analar kimi onun hansı iztirablar çəkdiyindən xəbərdaram.

Əsgərlərimiz kimi, əsgər analarımız da bu yurdun dəyərləridir.

Allah sizi qorusun, dəyərli Səyyarə xanım. Həmişə yazın- yaradın, qılncı və qələmi qüvvətli olan Vətən övladları var olduqca, Vətən də var olacaq.

Tərlanə Yaqub qızı,

Milli kitabxananın aparıcı mütəxəssisi

Son xəbərlər
Bütün xəbərlər »