ABŞ ordusunun generalı Kristofer Kavoli Senat tərəfindən yeni vəzifəsinə təsdiqlənib. Bizimyol.info xəbər verir ki, hazırda Avropa qitəsində ABŞ Ordusunun qüvvələrinə komandanlıq edən Kavoli ABŞ Hərbi Hava Qüvvələrinin generalı Todd Uoltersdən sonra ABŞ Avropa Komandanlığının rəhbəri və həmçinin NATO qüvvələrinin baş komandanı olacaq.
Qeyd edək ki, Kavoli iyulun 1-də keçiriləcək mərasimlə komandanlığa başlayacaq. O, Rusiya qüvvələrinin Donbasda irəlilədiyi bir vaxtda hakimiyyəti ələ alacaq. Yeri gəlmişkən bildirək ki, Ukrayna lideri Bayden administrasiyasını Ukraynanı daha uzun mənzilli artilleriya və döyüş pilotsuz təyyarələri kimi ən yeni silahlarla təmin etməyə çağırır.
Kavoli həm də NATO-nun İsveç və Finlandiyaya, onilliklər ərzində rəsmi neytrallığını qoruyub saxlayan Skandinaviya ölkələrinə üzvlük haqqında düşündüyü bir vaxtda vəzifəyə başlayır. Xatırladaq ki, NATO üzvü olan 30 ölkənin hamısı İsveç və Finlandiyanın Alyansa qəbul edilməsinə səs verməlidir. Lakin Türkiyə etirazlar irəli sürüb.
May ayında Senatın Silahlı Qüvvələr Komitəsində vəzifəsinin təsdiqlənməsi dinləmələrində danışan Kavoli NATO-nun genişlənməsini dəstəkləyib və hər iki ölkənin hərbi imkanlarını yüksək qiymətləndirib. Qeyd edək ki, gələn həftə NATO-nun Madriddə çoxdan gözlənilən sammiti keçiriləcək. Sammitdə liderlərin yeni strateji konsepsiya qəbul edəcəyi, Alyansın şərq cinahında qüvvələrinin artırılması, eləcə də Ukraynaya yardımın davam etdirilməsi məsələləri müzakirə olunacaq.
Putinin Ukraynaya müdaxiləsi NATO ölkələrinin mövqelərinin möhkəmlənməsinə səbəb olub. Kavoli bildirib ki, Alyans üzvlərinin müdafiə xərclərini 2014-cü il Uels öhdəliyi ilə müəyyən edilmiş ümumi daxili məhsulun hazırkı iki faizindən artırılmasını dəstəkləyir. General rus dilində də mükəmməl danışır.
Xatırladaq ki, bir qədər əvvəl NATO-nun Avropadakı keçmiş komandanı, general Riçard Şirreff demişdi ki, Qərb Rusiya Federasiyası ilə müharibəyə hazırlaşmalıdır.
İlahin, Bizimyol.info