Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ prezidenti Baydenin acı taleyi: həyat yoldaşını və qızını qəzada itirib...
ABŞ prezidenti Baydenin acı taleyi: həyat yoldaşını və qızını qəzada itirib...

ABŞ prezidentinin kimliyi, onun şəxsi həyatı təkcə amerikalılar üçün yox, başqa ölkələrin vətəndaşları üçün də maraqlıdır. Birləşmiş Ştatların 46-cı prezidenti olan Co Bayden kimdir?

Bizimyol.info xəbər verir ki, Cozef Robinett Bayden 1942-ci ildə Pensilvaniya ştatında anadan olub. Bu il noyabrın 20-də 80 yaşını tamamlayacaq hazırkı prezident katolik ailəsində doğulub. O, Nyu-York ştatında Sirakus universitetinin hüquq fakültəsində ali təhsil alıb və doktorluq dərəcəsinə yüksəlib.

Gələcəkdə ABŞ kimi nəhəngin prezidenti olacaq Bayden siyasi karyerasına 1970-ci ildə doğma Delaver ştatında Nyukasl Dairə Şurasının üzvü kimi başlayıb. Üç il sonra Bayden heç 31 yaşını tamamlamamış Demokratlar partiyasının namizədi olaraq, Delaver ştatından senator olub. Konqresin Yuxarı Palatasına seçilmək üçün ən aşağı yaş həddi 30 idi. Hətta o zaman “Time” nəşri onu “Gələcəyin tarix yazacaq 200 siması” siyahısına daxil etmişdi.

Sonrakı onilliklər ərzində Bayden siyasi karyerasında zirvəyə doğru inamla addımlayırdı. O, ştatın məhkəmə komitəsinə rəhbərlik etdi, Senatın Xarici Əlaqələr Komitəsinin sədri oldu. Bayden Amerikanın Balkanlardakı vəziyyətə müdaxiləsini aktiv dəstəkləyənlərdən idi. O, NATO-nun keçmiş Yuqoslaviyadakı hərbi əməliyyatlarına da nəzarət edənlərdən olub.

2008-ci ildə Barak Obama ABŞ prezidenti seçiləndən sonra vitse-prezident postu Co Baydenə həvalə edildi. Həmin dövrdə o, diqqəti əsasən xarici siyasətə yönəltmişdi. Xüsusən ABŞ-la Rusiya arasında münasibətlərə yenidən baxılması istiqamətində fikirlər səsləndirirdi.

Nəhayət, 2020-ci ildə Bayden siyasi karyerasında ən yüksək zirvəyə çatdı – ABŞ prezidenti seçildi. Bundan sonra o, Rusiya ilə sabit və öncədən proqnozlaşdırıla bilən əlaqələr qurmaq niyyətini açıqladı. Buna baxmayaraq, Rusiyanın Ukraynaya hücumundan sonra Amerika lideri Kremlə qarşı sərt sanksiyalarının və Ukraynanın silahla təchiz edilməsinin əsas təşəbbüskarlarından oldu.

Bayden iki dəfə evli olub. Bu iki nikahdan ümumilikdə 4 övladı doğulub. Onun birinci həyat yoldaşı Neliya qızı Naomi ilə birlikdə 1972-ci ilin dekabrında avtomobil qəzası nəticəsində həlak olub. O, 1978-ci ildə Jill Stivensonla ailə qurub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »