Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin Ukraynanın şəhərlərini Qroznıya çevirmək istəyir" - Conson
"Putin Ukraynanın şəhərlərini Qroznıya çevirmək istəyir" - Conson

Kremlin rəhbərı Vladimir Putin Ukrayna ilə sülh danışıqlarında maraqlı deyil. O, Ukrayna şəhərlərini yerlə-yeksan etmək istəyir.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson deyib. Onun sözlərinə görə, Putin hələ danışıqlar masası arxasına əyləşməyi planlaşdırmır. Amma Çeçenistanda olduğu kimi məhvetmə ssenarisi həyata keçirmək istəyir.

"Putin sülh danışıqlarını ciddi qəbul etmir. O, Ukraynanın böyük şəhərlərini Qroznıya çevirmək istəyir ",- deyə Conson bildirib.

Britaniya hökumətinin başçısı Rusiya rəhbərliyinin hərəkətlərini “faciəli səhv” adlandırıb. "Ancaq görünən odur ki, o, hazırda bunu davam etdirir",- deyə baş nazir qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl Boris Conson demişdi ki, dünya Putinə güzəştə getməməlidir. Əks halda bu, fəlakətlə nəticələnə bilər, çünki Putin istənilən güzəşti təcavüzün mükafatı kimi qəbul edəcək. Britaniya hökumət başçısı hesab edir ki, Ukraynada müharibə tükənmə mərhələsindədir.

Boris Conson Vladimir Putinin Ukraynada kimyəvi silahdan istifadə etməsinin Rusiya üçün “fəlakətli” nəticələri barədə xəbərdarlıq edib. Baş nazir Ukrayna prezidenti Vladimir Zelenskinin birbaşa müraciətinə baxmayaraq, müttəfiqlərin Ukraynaya tank və reaktiv təyyarələr çatdırmaqda çətinlik çəkdiyini etiraf edib. Conson Zelenskinin yeni ağır silahlarla bağlı çağırışları fonunda Böyük Britaniyanın Ukraynaya təyyarə və tanklar tədarük etmək ehtimalının az olduğunu da bildirib.

Vladimir Zelenski isə Ukraynanın mühasirədə olan şəhərlərinə kömək etmək üçün NATO-dan təyyarə və tanklara ehtiyacı olduğunu qeyd edib.

“Sizin ən azı 20.000 tankınız var! Ukrayna bütün tanklarınızın bir faizinin, 1 faizinin bizə verilməsini və ya satılmasını istəyir. Amma hələlik dəqiq cavabınız yoxdur. Müharibə zamanı ən pis şey kömək istəklərinə aydın cavabların olmamasıdır”,- deyə Zelenski bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »