Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Onun bəlalı sevgisi” və SSRİ-yə nifrəti - Video
“Onun bəlalı sevgisi” və SSRİ-yə nifrəti - Video

Aktyor Mikayıl Kərimovun adı bizə çox şey demir. Amma rollarını xatırlatsaq, dərhal tanıyacaqsınız. “Onun bəlalı sevgisi”ndə Bəhruz. Diplom işi üçün tikiş fabrikində işləməyə başlayan tələbə direktora aşiq olur. Fabrikin işində nöqsanları görən Bəhruz Şövkət xanımın zərər görməsini istəmir. Direktor katibə vəzifəsini yetirən gənc oğlana ondan iki yaş böyük olduğunu, boşanmış qadın statusunu xatırladır. Bəhruz sevgisinə heç nəyin əngəl olmadığını deyir. Yəqin ki, yadınıza düşdü...

Bizimyol.info 2022-ci ilin əvvəllərində “Onun bəlalı sevgisi” barədə yazı hazırlamışdı. Orada film barədə geniş danışılıb. Bu dəfə Mikayıl Kərimovdan bəhs etmək istəyirik. Əslində, istedadlı aktyor haqqında məlumatı olan çox azdır. 1975-79-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda aktyorluq fakültəsində təhsil alıb. Xalq artisti Həmidə Ömərovanın tələbə yoldaşı olub. Elə “Onun bəlalı sevgisi” filmində Xalidə rolunu oynayan Sona Mikayılova, “Yeddi oğul istərəm”in Qəqənisi Fərhad İsrafilov, “Sehirli xalat”ın Rəşidi Azər Qurbanov da Mikayıl Kərimovla birlikdə oxuyub. İndi Mikayıl da, Azər də xaricdə yaşayır.

Mikayıl Kərimov Mikayıl Kərimov

Tələbə yoldaşları onu mədəni oğlan kimi xatırlayır. Mikayıl özünə çox qapılırmış. Sovet quruluşunu bəyənmirmiş, SSRİ-yə nifrəti yaranıbmış. Ötkəm İsgəndərov xatırlayır ki, Mikayıl Kərimov daim siyasi mühitlə bağlı müxtəlif suallar üzərində baş sındırırmış. Bunun nəticəsidir ki, ilk imkandaca xaricə üz tutub. Mikayıl Kərimov Finlandiyaya köçüb, vətəndaşlıq alıb. Azərbaycanda, demək olar, heç kimlə əlaqəsi qalmayıb. Bir neçə il əvvəl İsveç teatrlarından birində işlədiyi, hətta “Hamlet” rolunu oynadığı məlumdur.

Mikayıl Kərimovu daha bir məşhur filmimizdə görmüşük. “Park”da Fəxrəddin Manafovun sevgilisi ilə evlənən dostu rolunu məhz bizim müəmmalı qəhrəman oynayıb. Onda Mikayıl çox hörmət etdiyi rejissor Rasim Ocaqovun təklifindən boyun qaçırmaq istəməyib, özünün obrazına uyğun olmayan işə razılıq verib. Əslində, Mikayıl Kərimov filmdə olduğu kimi, dissertasiya müdafiə etmək üçün heç kimə ağız açmazdı. Özü də həyat yoldaşının keçmiş sevgilisinə. Mikayıl Kərimov kiçik missiyanın öhdəsindən məharətlə gəlib. O, sonradan “Qəzəlxan” filmində də yer alıb, buna qədər isə “Üzeyir ömrü”, “Qaladan tapılan mücrü”də görünmüşdü.

Mikayıl Kərimov 1994-cü ildə Ukrayna istehsalı olan bir filmdən sonra kino dünyasından qeybə çəkilib. Azərbaycana gəlib-gəlmədiyini də bilmirik. Çox ümid edirik ki, istedadlı aktyor vətənini unutmayıb, bir gün yenə sözün bütün mənalarında səhnəyə çıxacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »