Rusiya ilə Ukrayna arasındakı müharibədən sonra alternativ enerji axtarışları davam edir. Keçən il istifadəsi rekordları qıran istilik nasoslarına tələbat artır. Üstəlik, Avropa istilik nasoslarından istifadəni məcburi edir. Xərcləri azaltmaq üçün üstünlük verilən və Avropada sürətlə yayılan istilik nasoslarının zərurətinə gəlincə, mütəxəssislər Türkiyə kimi xarici enerjidən asılı olan ölkələrdə istifadə sürətinin artırılması zərurətinə diqqət çəkirlər.
Bizimyol.info xəbər verir ki, artan enerji böhranı və müharibədən sonrakı tədarükdəki qeyri-müəyyənlik ölkələri enerji siyasətlərinə yenidən baxmağa vadar edir. Bir çox ölkə yaşıl enerji öhdəliklərinin arxasında olduqlarını vurğulasa da, kömür və nüvə enerjisi yenidən masaya gətirilib. Avropanın bir çox ölkəsi alternativ enerji istehlakı mənbələri axtararkən, Hollandiya son aylarda yüksək xərclərə görə istilik nasoslarını məcburi edəcəyini açıqlayıb. O bildirib ki, 2028-ci ilə qədər Böyük Britaniyada 26 milyon qaz qazanını elektrik istilik nasosları ilə əvəz etməyi hədəfləyir.
Təmiz və səmərəli enerji ilə bağlı qlobal araşdırmalar aparan, qeyri-hökumət təşkilatı olan Tənzimləyici Yardım Layihəsinin (RAP) Avropa direktoru Jan Rosenow deyib: “Rusiyanın Ukraynanı işğal etməsi istilik nasoslarına marağın artmasına səbəb oldu. Hazırda istilik nasoslarının əksəriyyəti Çində, Şimali Amerika ölkələrində və Avropada quraşdırılır. Türkiyə kimi enerji idxal edən ölkələr üçün istilik nasoslarının istifadəsi çox vacibdir".
Məlumat üçün bildirək ki, keçən il istilik nasoslarından istifadədə rekord artım olub və qeyd olunur ki, bununla bağlı ən böyük motivasiya xərclərin artmasıdır. Hollandiyanın Avropa İttifaqı daxilində istilik nasoslarından istifadəni məcburi edən ikinci ölkə olacağı gözlənilir.
Avropanın lider ölkəsi olan Almaniyanın 2024-cü ilə qədər istilik nasoslarına keçmək məcburiyyətində olduğu və 2030-cu ilə qədər 6 milyon istilik nasosunun quraşdırılmasının hədəfləndiyi açıqlanıb.
Mütəxəssislər bildirirlər ki, kondisioner sektorunda gələcəyin texnologiyası olaraq görülən istilik nasosları Avropa bazarında ön plana çıxır. Son 5 ildə ikiqat böyüyən Avropa istilik nasosu bazarı təkcə 2020-2021-ci illər arasında 25 faiz artıb.
Bildirilir ki, enerji səmərəliliyində böyük üstünlük təmin edən istilik nasos sistemləri, soyuducu və ya kondisionerə bənzər bir sistemdən istifadə edərək tərs çevrilmə yolu ilə ətraf istiliyindən enerji istehsal edir. Məsələn, soyuducu daxili həcmini soyudarkən, isti havanı xaricə ötürür. Hava mənbəyi istilik nasosu isə ətraf havadan istiliyi otaqlarınıza gətirir. Bu sayədə həm isitmə, həm də soyutma ehtiyacı tək bir cihazla qarşılana bilər. İstilik nasosları ümumiyyətlə, yaşayış yerlərinin, otellərin və ya iş yerlərinin qızdırılması, soyudulması üçün istifadə olunur. İstilik nasosunun verdiyi enerjinin 70-80 faizi bərpa olunan enerjidən ibarətdir.
Elektrik stansiyalarına gəlincə, Avropa artıq bu stansiyalarda qaz əvəzinə, kömürdən istifadə oluna biləcəyini açıqlayıb.
Leyla, Bizimyol.info