ABŞ -ın 79 yaşlı prezidenti Co Bayden kobud səhvləri, açıqlamaları və pilləkənlərdə büdrəmələri ilə kameralar qarşısında tez-tez gündəmdə olarkən, işçiləri onu bu cür vəziyyətlərdən uzaq tutmaq üçün var gücü ilə çalışır. Bunun bariz nümunəsi isə onun dünən Ağ Evdəki görüşündə üzə çıxıb.
Bizimyol.info xəbər verir ki, Ağ Evin Ruzvelt otağında qubernatorlar, əmək liderləri və özəl şirkət nümayəndələri ilə görüşən Bayden həm təqdimatlar, həm də açıqlamalar verib. Lakin Baydenə verilən bir kağız parçasının tərcüməsi mətbuat mənsublarının diqqətindən yayınmayıb. Belə ki, Baydenin əlində tutduğu və istəmədən kameralara tərəf çevirdiyi vərəqdə Ağ Ev rəsmilərinin onun üçün hazırladığı “təlimat siyahısı” diqqətdən qaçmayıb.
Xarici media yazır ki, Baydenin təsadüfən göstərdiyi vərəqdə ABŞ prezidentinin etməli olduğu hərəkətlərlə bağlı göstərişlər və izahatlar bənd-bənd yazılıb.
Baydenə verilən göstərişlər aşağıdakı kimi sıralanıb:
- Siz Ruzvelt Otağına daxil olub iştirakçıları salamlayacaqsınız.
- Oturacaqsınız.
– Mətbuat mənsubları gələcək.
– Siz 2 dəqiqəlik brifinq verəcəksiniz.
- Mətbuat mənsubları otağı tərk edəcəklər.
– Siz Liz Şulerə sual verəcəksiniz. (Xatırlatma: Liz görüşdə onlayn iştirak edəcək)
- Siz iştirakçılara təşəkkür edəcəksiniz.
-Siz otağı tərk edəcəksiniz.
Qeyd edək ki, Ağ Ev administrasiyası və Bayden sözügedən təlimatlarla bağlı açıqlama verməyib. Hazırda Baydenin 79 yaşı var. O, növbəti prezident seçkilərində də namizədliyini irəli sürməyi planlaşdırır.
Əlavə olaraq xatırladaq ki, belə bir təcrübə bir sıra dövlət başçıları üçün normal haldır. Belə təlimatlarla dövlət başçılarının səhvə yol verməsinin qarşısı alınır. Rusiya prezidenti Vlarimir Putin də adətən, belə yazılı təlimatlardan və çıxış mətnlərindən istifadə edir. Onunla ünsiyyətdə olmuş siyasətçilərin sözlərinə görə, Putinin əlinin altında kiçik vərəqələrdə qeydlər olur. Həm də Putinin gözü zəif gördüyünə görə həmin qeydlər iri hərflərlə yazılır. Bəzi məlumatlara görə Putinin görmə qabiliyyətində ciddi problemlər olsa da, eynək taxmaqdan imtina edir.
Leyla, Bizimyol.info