Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveç Türkiyə əleyhinə terrora dəstəyini davam etdirir - Daha bir qalmaqal
İsveç Türkiyə əleyhinə terrora dəstəyini davam etdirir - Daha bir qalmaqal

Türkiyə İsveç və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı danışıqlar davam edərkən, İsveç dövlət televiziyası YPG/PKK liderlərindən biri olan Mazlum Abdi kod adlı Ferhat Abdi Şahindən müsahibə alıb.

Bizimyol.info xəbər verir ki, YPG/PKK liderlərindən Ferhat Abdi Şahin kod adlı Mazlum Abdi İsveçin Dövlət Televiziyası SVT-yə müsahibə verən zaman kanal Şahindən Türkiyənin mümkün Suriya əməliyyatı ilə bağlı sual verib. Terrorçu Şahin Ankaranın Suriyanın şimalını terrordan təmizləmək üçün həyata keçirəcəyi mümkün əməliyyata cavab verəcəklərini bəyan edib.

Türkiyənin bu əməliyyatı həyata keçirməsi üçün NATO -ya üzv ölkələrə təzyiq etdiyini iddia edən terror qruplaşmasının lideri Şahin İsveçin dəstəyinin davam etməsi lazım olduğunu vurğulayıb.

İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı suala isə Şahin Türkiyə ilə bağlı bu iddianı səsləndirib: “Türkiyə Rusiya-Ukrayna müharibəsindən, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyindən öz xeyrinə istifadə edir”.

Məlumata görə, bu, SVT-nin terrorçuları qəbul etdiyi ilk hal deyil. Telekanal bundan əvvəl YPG/PKK terror təşkilatının liderlərindən olan Salih Müslümlə görüşüb.

Bildirilir ki, Türkiyə bu yayıma sərt reaksiya verib. Belə ki, Türkiyə prezidenti Ərdoğan “Salih Müslüm adlı terrorçunu İsveç dövlət televiziyasında danışdırmaqla bizə hər cür yanlışlıq edir” deyə bildirib.

Digər tərəfdən NATO-nun baş katibi Yens Stoltenberq ABŞ mərkəzli bir xəbər saytının canlı yayımında sualları cavablandırıb. Finlandiya və İsveçin NATO-ya üzvlük prosesini dəyərləndirən Stoltenberq Türkiyənin təhlükəsizlik problemlərini müzakirə etdiklərini və hər iki ölkənin NATO üzvlüyü üçün ortaq bir yol tapmağı hədəflədiklərini bildirib.

Müttəfiqlərin Finlandiya və İsveç mövzusunda həmfikir olduğuna əmin olduğunu ifadə edən Stoltenberq “Finlandiya və İsveç mövzusunda həmfikir olduğumuza əminəm. Amma bizim etməmiz lazım olan şey oturub Türkiyənin ifadə etdiyi fikir ayrılıqlarını və narahatlıqlarını həll etməkdir. Çünki Türkiyənin terror hücumlarından ən çox zərər çəkən NATO müttəfiqi ölkə olduğunu qəbul etməliyik. İraq və Suriya ilə həmsərhəd olan və bizim ittifaqımız üçün böyük əhəmiyyət kəsb edən ölkə terrorla mübarizədə əsas rol oynayıb və oynamaqda davam edir”,- deyə o bildirib.

Türkiyənin Qara dəniz ölkəsi olduğuna diqqət çəkən Stoltenberq hazırda çox mühüm işlər gördüyünü və Ukraynadan ərzaq ixracı ilə bağlı danışıqları asanlaşdırdığını açıqlayıb: “Buna görə də onlar öz narahatlıqlarını dilə gətirəndə, təbii ki, oturub bu narahatlıqları həll etməliyik. Hazırda məhz bununla bağlı məsləhətləşmələr aparırıq. Ümid edirəm ki, Finlandiya və İsveçin mümkün qədər tez üzv olmasına imkan verəcək bir həll yolu tapa biləcəyik”.

Qeyd edək ki, İsveç hökumətinin başçısı Maqdalena Andersson problemləri Türkiyə ilə müzakirə etməyə hazır olduqlarını bildirsə də, görünür, onilliklər boyunca davam edən terrora dəstək siyasətini dəyişmək İsveç hökuməti üçün asan olmayacaq.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »