Son zamanlar Türkiyə və Yunanıstan münasibətlərində gərginlik artarkən Yunanıstan mətbuatında diqqətçəkən bir xəbər yer alıb.
Bizimyol.info xəbər verir ki, Yunanıstanda çıxan “Ta Nea” qəzetinin məlumatına görə, baş nazir Kiriakos Mitsotakisin bu gün baş tutacaq Avropa İttifaqı sammitində Türkiyə ilə böhranı gündəmə gətirməsi gözlənilir.
Miçotakisin Türkiyədən Aİ-yə şikayət edəcəyini qeyd edən qəzet, iki günlük sammitin sonunda Aİ-nin Türkiyənin davranışını pisləyən mətn hazırlamasını gözlədiklərini vurğulayıb.
Yunanıstanda yerləşən EURACTIV yayım şirkəti tərəfindən çıxarılan yekun layihəyə əsasən, Aİ liderlərinin Türkiyənin Yunanıstana qarşı iddia edilən yeni eskalasiyasını bir daha pisləmələri gözlənilir. Layihədə Avropa Şurası Türkiyənin son dövrdə təkrarlanan hərəkətləri və bəyanatlarından dərin narahatlığını ifadə edəcək.
EURACTIV-in Yunanıstan nəşrində o da vurğulanıb ki, Ankara Yunanıstanın baş naziri Mitsotakisin Aİ sammitindəki mövqeyini diqqətlə izləyəcək. Miçotakis Türkiyədən şikayət edərsə, qeyd edildiyi kimi, Ankaranın Egey dənizindəki silahlı adaları ayın sonunda NATO sammitinə çıxaracağı gözlənilir.
Türkiyənin yüksək rütbəli hökumət rəsmisi EURACTIV-in Yunanıstan nəşrinə bildirib ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin bu həftə keçiriləcək Aİ sammitindəki mövqeyi Türkiyənin bu ayın sonunda keçiriləcək NATO sammitində adaların demilitarizasiyası məsələsini qaldırıb-qaldırmayacağını müəyyən edəcək.
Adı açıqlanmayan bir Türkiyə hökumət rəsmisi qəzetə deyib ki, “Türkiyənin NATO-da Yunanıstanla necə davranacağına dair mövqeyi tamamilə Yunanıstanın ritorikasından asılı olacaq. Əvvəlcə Yunanıstanın necə davranacağını görəcəyik, sonra dozanı tənzimləyəcəyik”.
O, Yunanıstanın baş nazirinin Aİ sammitində Türkiyəyə qarşı mövqeyinin təhqiramiz olacağı təqdirdə, Ankaradan NATO-ya da oxşar reaksiya göstərə biləcəyini nəzərdə tutub. Avropa Komissiyasının Xarici Əlaqələr Komitəsinin sözçüsü Peter Stano daha əvvəl bildirib ki, “Türkiyə mehriban qonşuluq münasibətlərinə xələl gətirən bütün təhdidləri və hərəkətləri dayandırmalı və bütün Aİ-yə üzv dövlətlərin ərazi sularında və hava məkanında suverenliyinə hörmət etməlidir”.
Leyla, Bizimyol.info