Böyük Britaniya hərbi kəşfiyyatı hesab edir ki, Rusiya ordusunun resursları bitdiyi üçün Rusiyanın Ukraynaya hücumunun tempi yaxın bir neçə ayda azalacaq.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson danışıb.
“Bizim hərbi kəşfiyyatımız hesab edir ki, yaxın bir neçə ay ərzində Rusiya elə bir nöqtəyə gələ bilər ki, öz resurslarını bitirdiyi üçün artıq heç bir irəliləyiş əldə edə bilməz”,- deyə Conson bildirib. Onun sözlərinə görə, işğalçılar həm canlı qüvvə, həm də böyük silah itkisi bahasına Donbasda irəliləyir, dağıntılara səbəb olurlar. Conson vurğulayıb ki, Qərb ölkələri bu müharibədə ukraynalılara vəziyyəti tərsinə çevirməyə kömək etməlidirlər.
"Ukraynalılar bizdən tələb etdikləri silahlarla əks-hücum əməliyyatına başlaya biləcəkləri qədər dəstəklənməlidir”,- deyə Britaniyanın baş naziri əlavə edib. Ukraynanın qələbəsi məsələsinə gəldikdə isə, Conson bildirib ki, heç olmasa, fevralın 24-dən əvvəlki status-kvonu bərpa etmək lazımdır. Ən azından Rusiya qoşunları işğal etdikləri ərazilərdən geri çəkilməlidir.
Conson vurğulayıb ki, iyunun 25-26-da Almaniyada keçiriləcək G7 sammitində Ukraynaya dəstək məsələsi müzakirə olunacaq. Xatırladaq ki, bir müddət əvvəl Conson deyirdi ki, Vladimir Putin dağıdıcı kampaniyaya əl atdığı üçün dünya Rusiyanın Ukraynaya qarşı uzunmüddətli müharibəsinə hazırlaşmalıdır.
"Təəssüflə deyirəm ki, biz uzun sürən müharibəyə hazırlaşmalıyıq. Çünki Putin Ukrayna qüvvələrini məhv etmək üçün hərbi təxribat kampaniyasına keçib. Ukraynanı qalib gəlmək üçün lazımi strateji resurslarla təmin etmək vacibdir”,- deyə Böyük Britaniyanın baş naziri bildirib.
Conson həmçinin əlavə edib ki, Putin geri çəkiləcək qədər müdrik deyil. Bir neçə gün əvvəl o, bildirmişdi ki, Putinə güzəştə getmək fəlakətə gətirib çıxara bilər, çünki Putin belə güzəştləri "təcavüz müqabilində mükafat" kimi başa düşəcək və başqa ölkələrə qarşı da təcavüzə əl atacaq.
İlahin, Bizimyol.info