Həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin məhkəmə prosesi başa çatıb.
Bizimyol.info xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə təqsirli bilinən partiya sədrinə hökm oxunub.
Hökmə əsasən, Əli Əliyevə bu işə görə 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun əvvəlki cəzaları birləşdirilib və ona 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.
Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.