Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik Almaniya kansleri Olaf Şolzu “küskün qaraciyər kolbasası”na bənzətdiyinə təəssüflənib. Səfir buna görə təəssüfləndiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, diplomat Almaniya hökumətinin başçısından şəxsən üzr istəmək niyyətindədir. O, bu barədə “Spiegel” jurnalına açıqlamasında bildirib.
“Əlbəttə, mən bu açıqlamadan təəssüflənirəm”,- deyə Melnik bildirib. Xatırladaq ki, Ukrayna səfirinin bəyanatları Almaniya ictimaiyyətini və diplomatiyasını dəfələrlə hiddətləndirib. Onun kansler Olaf Şolz əleyhinə “qaraciyər kolbasa”sı ilə bağlı bəyanatı may ayında Kiyev və Berlin arasında diplomatik qarşıdurmalara səbəb olmuşdu.
Qəzet yazır ki, indi Melnik siyasətçidən şəxsən üzr istəmək istəyir. Bir müddət əvvəl Şolz Kiyevə getməkdən imtina etdiyi zaman Melnik onu “küskün qaraciyər kolbasası” adlandırmışdı. Bundan sonra Bundestaq Melnikin ölkədən çıxarılmasını tələb edib.

"Bu, əlbəttə ki, sonradan peşman olduğum bir bəyanatdır. Mən şəxsən ondan üzr istəyəcəyəm. Bəyanat “diplomatik baxımdan yersiz” və “təkcə Almaniyada deyil, müxtəlif yerlərdə bir çox insanı incidib”,- deyə Melnik bildirib.
Qeyd edək ki, uzun tərəddüdlərdən sonra Şolz iyunun ortalarında Ukraynaya səfər edib. Melnikin bəyanatı, görünür, Ukrayna hökumətinin də narazılığına səbəb olub.
“Bu, mənim prezidentimin də xoşuna gəlmədi”,- deyən səfir əlavə edib ki, o, hələ ki, kanslerlə bu məsələni müzakirə etməyib. Amma bu imkanın olacağına ümid edir. Melnik Almaniyanı çox sevdiyini də bildirib. O, səfirlik müddətindən sonra da Almaniyada daimi qalacağını düşünür.
“Dili sevməsəydim, mədəniyyətdən zövq almasaydım və insanlara hörmət etməsəydim, hətta diplomat kimi də Almaniyaya gəlməzdim”,- deyə Melnik əlavə edib.
Qeyd edək ki, Ukraynanın Avropanın ən güclü iqtisadiyyatı olan Almaniyadan gözləntiləri çoxdur, amma rəsmi Berlin hələ də ikibaşlı oyunlarını davam etdirir. Almaniya Ukraynaya ağır silahlar vəd etsə də, onların çatdırılmasını ləngidir. Şolz hazırda da Rusiya prezidenti Vadimir Putinlə sıx əlaqələr saxlayır.
İlahin, Bizimyol.info