İsveç Dövlət Silah İxracına Nəzarət İdarəsinin (ISP) rəhbəri Karl Evertsson İsveç istehsalı olan tank əleyhinə "AT-4" silahlarının terror təşkilatı PKK-nın əlinə necə keçdiyi sualına “biz bu silahları təşkilatlara ixrac etmirik” deyə cavab verib.
Prezident Ərdoğanın “Biz Finlandiya və İsveçin NATO üzvlüyünə tərəfdar deyilik” ifadəsindən sonra İsveçin PKK-YPG terror təşkilatının bazası olduğuna və bunun tamamilə məlumat və sənədlərə əsaslandığına diqqət çəkib. Çünki İsveç terrora verdiyi dəstəyi daha da çoxaldıb. İsveç dövlətinin terrorçularla rəsmi görüşləri, isveçli parlamentarilərin İraq və Suriyadakı terror təşkilatlarının nümayəndələri ilə bir nümayəndə heyəti kimi yaxın əlaqələri, xarici işlər nazirinin İsveçdə terror təşkilatının nümayəndələrini qəbul etməsi İsveçi terror dövləti səviyyəsində tanıdan mühüm detallardır. İsveçin indiyə qədər terror təşkilatına 210 milyon dollar dəstək verdiyini və 2023-cü ilə qədər bu rəqəmi 376 milyon dollara çatdıracağını bəyan etməsi bu tezisləri təsdiqləyir.
Əlavə olaraq, İsveçdə terror təşkilatı PKK ilə dövlət arasında əlaqənin ən mühüm fiqurlarından olan Amine Kakabave təşkilatın ölkədəki nümayəndəsi olduğu kimi müstəqil parlamentaridir. Kakabave həm də YPG həmsədrinin yaxın dostudur.
İsveçli jurnalist Uolnor İsveç və Finlandiyanın NATO-ya üzvlüyü və Türkiyənin mövqeyi ilə bağlı köşə yazısında İsveçin yeni və sabit hökumətə ehtiyacı olduğunu vurğulayıb. Jurnalist bildirib ki, İsveç Parlamenti hər gün yeni xaos xəbərləri ilə getdikcə daha da gözdən düşür: “Elə vəziyyətdəyik ki, PKK dəstəkçisi olan deputat bütün NATO prosesini girov götürüb. Bu dəfə Kakabave əlavə büdcə qanun layihəsinin Parlamentdə qəbul edilməsinin şərti kimi hökumətdən Türkiyəyə qarşı de-fakto silah embarqosunu saxlamağı tələb edir. Prezident Ərdoğanın və isveçli seçicilərin də bu yanaşma ilə bağlı fikirlərinin olması tamamilə başa düşüləndir. Bu sövdələşməni ləğv etmək məsuliyyəti isə tamamilə sosial-demokrat hökumətin üzərinə düşür”.
Məlumat üçün qeyd edək ki, Stokholm rəhbərliyi PKK-YPG terror təşkilatına 400 milyon avro dəstək verib. İsveç mənşəli silahlar da birbaşa təşkilata göndərilib.
200 ildir müstəqil siyasət aparan İsveç Rusiyanın Ukraynaya hücumu ilə “təhlükəsizlik çətiri” axtarışına başlayıb və NATO-ya üzvlük üçün müraciət edib. Ancaq bu ölkə eyni zamanda alyansın ikinci böyük hərbi gücü olan Türkiyənin təhlükəsizliyinə etinasız yanaşır.
Xülasə, indi yol ayrıcında olan İsveç ya PKK yönümlü bir deputatın səsinə görə ölkənin təhlükəsizlik siyasətini təhlükə altına atmağa davam edəcək, ya da axtarışda olan terrorçuları Türkiyəyə təhvil verərək NATO üzvü olacaq.
Bu məsələ Ərdoğan və İsveçin baş naziri Maqdalena Andersson arasında da müzakirə edilib və Türkiyə öz haqlı tələblərindən geri çəkilməyəcəyini bildirib.
Mətin Şükürlü, Bizimyol.info