Gürcüstanda yenə etiraz rüzgarları əsir. Meydanlara axışan xalq Avropaya inteqrasiya tələblərini dilə gətirir. Etirazçılar hakimiyyətin Rusiyameylli siyasətini qəbul etmir. Gürcüstanda Vladimir Putinin ürəyincə olmayan hadisələrin baş verdiyini əminliklə demək olar.
Bizimyol.info xəbər verir ki, gürcü xalqı iyunun 20-dən küçələrdədir. Tbilisdə, Batumidə, Kutaisidə, Zuqdididə onminlərlə insanın iştirakı ilə nümayişlər baş tutur. Etirazçılar hakimiyyətdən avroatlantik məkana inteqrasiya tələb edirlər.
Baş verənlər Kremlə Ukraynadakı Maydan hadisələrini xatırladır. Məhz həmin hadisələrdən sonra Moskvanın adamı sayılan Viktor Yanukoviç prezident kürsüsünü əldən vermişdi. Həmin dövrdən Kreml Ukraynada dayaqlarını möhkəmləndirə bilmir. Volodimir Zelenskinin hakimiyyətə gəlməsiylə vəziyyət Rusiya üçün daha arzuolunmaz hal alıb.
Baş nazir İrakli Qaribaşvili illərdir Rusiyaya yaxın siyasətlə fərqlənir. Halbuki məhz Kreml Gürcüstan ərazisinin 20 faizinə qədərini ələ keçirib. Qaribaşvili üzdə Ukraynanın acısını anladığını göstərməyə çalışır. Əslində isə Qərbin sanksiyalarına qoşulmamağa çalışır. Hətta Qaribaşvilinin Rusiyaya sanksiyalardan yan qaçmağa kömək göstərdiyini iddia edənlər çoxdur. Gürcüstan hakimiyyəti Putunu batmağa qoymur.
Hadisələrin gedişi Qafqaz dövlətinin yalnız zərərinə işləyir. Bir müddət əvvəl Gürcüstan Avropa İttifaqına üzvlüyə əsas namizədlərdən sayılırdı. Onda Ukrayna və Moldovanın daha az şansı olduğu bildirilirdi. İndi isə başqa küləklər əsir. Gürcüstan Avropa İttifaqından uzaqlaşmağa başlayıb.
Almaniyanın kansleri Olaf Şolz Putinin qorxulu Gürcüstan yuxusu barədə açıq danışmaqdan çəkinmir: “Putin qorxur ki, demokratiya qığılcımı Rusiyaya sıçraya bilər. Buna görə də illərdir NATO-nun və Avropa İttifaqının məhvinə hesablanmış siyasət yürüdür”.
Doğrudur, indi Gürcüstanda baş verənlər Putinin çox narahat edir. Ümumiyyətlə, xalqların Moskvadan asılılığı Rusiya hakimiyyətinin əsas hədəfidir. Azadlıq istəyi Kremlin yaralı yeridir. Avroatlantik zonaya inteqrasiya azad seçki, insan haqlarının tanınması deməkdir. Kreml isə müharibə ocaqları yaratmaqla postsovet məkanını özündən asılı vəziyyətdə saxlamağı ən vacib strategiya sayır.
Aytən, Bizimyol.info