Böyük Britaniya hökuməti ATƏT Parlament Assambleyasının (PA) iyulun 2-dən 6-dək Birmingemdə keçiriləcək illik sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinə viza verməkdən imtina edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov məlumat verib.
“Rusiya Federal Məclisinin bütün üzvlərinin Böyük Britaniyanın sanksiya siyahısında olduğunu nəzərə alaraq, biz Assambleyanın rəhbərliyinə, eləcə də Rusiya Xarici İşlər Nazirliyinə təcili surətdə müraciət etdik ki, Britaniya tərəfi bu mühüm parlamentlərarası tədbirdə iştirak etmək üçün Böyük Britaniyaya giriş vizalarının verilməsi məsələsini işləyib həll etsinlər. Təəssüf ki, biz gözlənilməz cavab aldıq ki, Böyük Britaniya hökuməti Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvlərinə ölkəyə hansı məqsədlə gəlsələr də, viza verə bilməz”, - deyə senator bildirib.
Onun sözlərinə görə, Britaniya tərəfinin Rusiya parlament nümayəndə heyətinə qarşı bu cür ayrı-seçkilik hərəkətləri bəyannamənin birbaşa və kobud şəkildə pozulmasıdır. "Bəyannamənin şərtlərində, ATƏT-ə üzv dövlətlərə ATƏT-in istənilən rəsmi tədbirində iştirak etmək üçün Parlament Assambleyasının bütün üzvlərinə “ən azı tədbirlərin keçirildiyi müddət ərzində öz ərazilərinə daxil olmaq üçün tələb olunan vizaların və ya icazələrin verilməsi yolu ilə” maneəsiz giriş icazəsi verməsini öhdəliyini göstərir.
Rusiya parlamentinin nümayəndə heyətinin ATƏT PA-nın illik yay sessiyasında iştirakının mümkünsüzlüyünü əsas götürərək, Federal Məclisin nümayəndə heyətinin rəhbəri və assambleyanın bütün üzvlərinə bəyanat göndərib. Rusiya nümayəndə heyətinin assambleyanın iclasında iştirakına mane olmaq tədbirin özünün və bütövlükdə təşkilatın etimadını ciddi şəkildə sarsıdır. Bizim iştirakımız olmadan sessiyanın qəbul etdiyi bütün qərarlar, o cümlədən yekun bəyannamə bizim tərəfimizdən legitim sayılmayacaq”, - deyə Cabarov vurğulayıb.
Qadir, Bizimyol.info