Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
697 bal toplayan abituriyent sirlərini paylaşır: "O üsul mənə uyğun gəlməmişdi"
697 bal toplayan abituriyent sirlərini paylaşır: "O üsul mənə uyğun gəlməmişdi"

Hər bir abituriyent özünə disiplin yaratmalıdır. Hər il ali məktəblərə qəbul olunan abituriyentlər arasında yüksək nəticə göstərənlər olanda həmin abituriyentlərin tutduğu hədəfə doğru gələn yol hər kəsin diqqətini çəkir. Bu il də, Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan qəbul imtahanlarında bir neçə abituriyent yüksək nəticə göstərib. Onlardan biri , 697 balla ölkə birincisi olan Nigar Ağazadədir.

Bakı şəhəri, Xəzər rayonu 125 saylı məktəbdə təhsil alan Nigar Ağazadə Bizimyol.info xəbər portalına müsahibə verib. Onun fikirlərini oxucularımıza, xüsusən də yuxarı sinif şagirlərinə çatdırırıq:

Nigar Ağazadə Nigar Ağazadə

"Kiçik siniflərdən əlaçı olurdum, dərslərimə daim məsuliyyətlə yanaşırdım. 9-cu sinifdə Respubublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənləri üzrə birinci yerə layiq görüldüm, qızıl medalla təltif olundum. Həmçinin 9-cu sinfi fərqlənmə ilə bitirmişəm.

11-ci sinifdə Amerikan Riyaziyyat Olimpiadasında 3-cü yeri tutmuş, bürünc medal almışam. Yüksək bal yığmağı əvvəldən özümə hədəf qoymuşdum və bunun üçün çox çalışırdım. Sınaq imtahanlarında göstərdiyim yüksək nəticələr məni daha da ruhlandırırdı. İmtahanda da yüksək nəticə göstərəcəyimə inanırdım.

Buraxılış imtahanında 300 - maksimum balı toplayanda çox sevindim. Nəticəmin yüksək olacağını bilirdim, amma 300 olacağından əmin deyildim. Blok imtahanından sonra müəllimlərimlə cavablarımı yoxlayanda 1 səhvimin olduğunu öyrənəndə çox pis oldum, təəssüf hissi keçirdim. Balımın elə 697 gələcəyini hesablamışdıq. Sadəcə 3 bal məni 700-dən ayırdı. Lakin bu balın elə 700-lə eyni dəyərdə olduğunu anlayıram və hal-hazırda bu nəticəyə görə çox şadam.

Belə yüksək nəticəni əldə etməkdə şagird, müəllim, valideyn faktorkarı çox önəmlidir. Mənə dəstək olan, üzərimdə əməyi olan hər kəsə - başda Zeynəb müəllimə olmaqla 125 nömrəli məktəbin müəllim kollektivinə, sinif rəhbərim Elmira müəlliməyə və mənə dərs deyən bütün müəllimlərə, valideynlərimə öz təşəkkürümü bildirirəm.

İmtahana səmərəli hazırlaşmaq üçün, məncə, abituriyent özünə uyğun, sistemli bir dərs planı hazırlamalıdır. Bu plan dərslərin təkrarını, yeni dərsin öyrənilməsini, səhvlər üzərində işləməyi və s. əhatə etməlidir. Disiplin və vaxtın düzgün idarə olunması çox önəmlidir. Çünki motivasiya qalıcı deyil, dərs oxumaq üçün həvəs həmişə olmur. Lakin disiplin olduqda gedib tapşırıqları mütləq yerinə yetirirsən. Ona görə də tövsiyəm abituriyentlərin özlərində disiplin yaratmaqları olardı. Bəzən elə şeylər olur ki, onlara "yox" deməli olursan, dərsi seçməli olursan. Ən çətini o "yox"u deməyi bacarmaqdır. Lakin hədəfə çatandan sonra arxaya baxdıqda nə qədər düzgün addım atdığını görmüş olacaqsan.

Amma bu o demək deyil ki, abituriyentlik illərini yalnız dərslə keçirmək lazımdır. Xeyr, mən istirahətimə və əyləncəmə də, digər məşğuliyyətlərə də vaxt ayırmışam. Onu da qeyd edim ki, mən könüllü olaraq missiyası abituriyentlərə düzgün ixtisas seçimində kömək etmək olan layihədə iştirak edirəm. Dərslərimlə barəbər əlavə fəaliyyətlərlə məşğul olmağım zamanı düzgün bölə bilməyimin nəticəsidir. Gələcəkdə çox yaxşı həkim olmaq və insanların sağlamlığının keşiyində durmaq istəyirəm. Bunun üçün əlimdən gələni edəcəyəm.

İmtahanın təşkili haqqında deyə bilərəm ki, hər şey nizam-intizamlı idi. Mən olduğum imtahan mərkəzində nəzarət güclü idi və imtahan şəffaf keçirilirdi. Yüksək nəticə göstərənlərdən biri də 636 bal yığmış Qusar rayonu, Yuxarı Zeyxur məktəb məzunu Sərfi Həbibovadır. Sözün düzü, mən daha yüksək nəticə gözləyirdim. İlk dəfə nəticəmi öyrənəndə bir az təəssüf hissi keçirdim, amma hər halda bunun yüksək nəticə olması, 2-ci cəhd imtahanımın da qalması özümü yaxşı hiss etdirir.

Fikrimcə, imtahana daha səmərəli hazırlaşmaq üçün plan qurmaq çox vacibdir. Hər abituriyent eyni üsulla hazırlaşa bilmir, hərənin öz diqqətini toplaya bilmə vaxtı, beyninin daha aktiv olduğu zamanı var. Məsələn, dünyada ən effektiv çalışma üsullarından sayılan Pomodoro (25 dəqiqə çalış, 5 dəq dincəl) mənə uyğun gəlməmişdi. Mən bəzi abituriyentlərin əksinə olaraq gündüz çalışmağa üstünlük verirəm, buna baxmayaraq, təbii ki, dərsləri çatdırmaq üçün gecə gec saatlara qədər qaldığım da olub. Həm buraxılış, həm də blok imtahanları imtahan verdiyim binada şəffaf keçirilmişdi. Qorxduğum kənar səslərin mane olması idi..."

Havar, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »