Rusiya diplomatiyasının mütləq prioriteti nüvə gücləri arasında birbaşa münaqişənin qarşısını almaqdır.
Bizimyol.info xəbər verir ki, bunu çərşənbə günü xarici işlər nazirinin müavini Sergey Ryabkov “Trialoq” beynəlxalq klubunun iclasında deyib.
“Ukrayna böhranının daha da kəskinləşməsi risklərini və beynəlxalq vəziyyətin inkişafının ümumi gözlənilməzliyini nəzərə alaraq, Rusiya diplomatiyasının qeyd-şərtsiz prioriteti nüvə gücləri arasında birbaşa münaqişənin qarşısını almaq, münaqişənin aradan qaldırılması üzrə dialoqun davam etdirilməsindən ibarətdir”, - deyə o bildirib.
Ryabkovun sözlərinə görə, bu gün strateji sabitliyin təmin edilməsi, kütləvi qırğın silahlarının yayılmaması rejimlərinin qorunması və silahlara nəzarət sahəsində vəziyyətin yaxşılaşdırılması üçün təcili işlərə ehtiyac var.
Xarici işlər nazirinin müavini vurğulayıb ki, Rusiya dünyanın müxtəlif regionlarında sabitləşdirici rol oynayır, MDB, Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikası dövlətləri ilə çoxşaxəli əməkdaşlıq qurur. “Biz Rusiya ilə qarşılıqlı faydalı, bərabərhüquqlu münasibətləri inkişaf etdirməkdə həqiqətən maraqlı olan ölkələrə üstünlük veririk”, - deyə o vurğulayıb. Nazir müavini qeyd edib ki, Rusiya Federasiyası həmçinin çoxtərəfli birliklərin və inteqrasiya strukturlarının - Aİİ, KTMT, MDB, ŞƏT, BRİKS-in potensialını gücləndirmək niyyətindədir.
Onun sözlərinə görə, ABŞ, Avropa və Yaponiyada artan rusofob əhval-ruhiyyə fonunda Moskva “yalan imperiyası”nın təbliğatını təkzib etməyə, xaricdə Rusiya vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarını müdafiə etməyə səy göstərəcək.
Xarici işlər nazirinin müavini vurğulayıb ki, Rusiya beynəlxalq arenada vəziyyətin inkişafı üçün istənilən varianta hazırdır. Ryabkov qeyd edib: "Biz öz təhlükəsizliyimizi, milli maraqlarımızı, eləcə də müttəfiqlərimizi hər hansı təhlükə və çağırışlar qarşısında müdafiə edə biləcəyik. Bununla belə, hər hansı çətinliklərə baxmayaraq, biz demokratik və ədalətli dünyada daha çox milli maraqlarımızı təmin etməyə çalışacağıq”.
Qadir, Bizimyol.info
P.S: Ryabkovun açıqlaması: " Qarğa məndə qida məhsulu var" misalını xatırladır. Nazir müavini unudub ki, fevralın 24-də Ukraynada müharibəni başlayan və Avropa dövlətlərini nüvə silahı ilə hədələyərək bu müharibəyə cəlb etməyə çalışan Rusiya Fedarasiyasıdır. Ryabkov həm də onu unudub ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadiyyat Forumundakı çıxışı zamanı: "Amerika silahlara nəzarət sazişini yeniləmək niyyətində deyilsə, Rusiya bu sazişdən çıxacaq", - demişdi. Siyasətçi ya amneziyadan əziyyət çəkir, ya da lətifə danışmağı xoşlayır.