Ukraynada müharibənin tam sürətlə davam etdiyi bir vaxtda Kremlin sözçüsü Peskov Rusiya prezidenti Putinin sağlamlıq durumu ilə bağlı gözlənilən açıqlamanı verib.
Bizimyol.info xəbər verir ki, Rusiya liderinin xərçəng xəstəliyinə tutulması və səhhətinin pisləşdiyi iddiası aylardır gündəmdə olsa da, Kremlin sözçüsü Peskov mövzu ilə bağlı açıqlama verib. İddiaları rədd edən Peskov deyib ki, Putin hətta idman etməkdə israrlıdır. "Əslində, dünən günortadan sonra hokkey oynadı" deyən Peskov Rusiya liderinin cümə günü təxminən üç saat danışdığını vurğulayıb.
Oxşar bəyanatı daha əvvəl Rusiyanın xarici işlər naziri Lavrov da vermişdi. Putinin mütəmadi olaraq ictimaiyyət qarşısına çıxdığını qeyd edən Lavrov açıqlamasında bu ifadələrə yer verib; “Mən düşünmürəm ki, müdrik insanlar bu insanda hansısa xəstəlik və ya pozuntu əlaməti görməyəcəklər”.
Xatırladaq ki, keçən həftələrdə Rusiyanın dövlət daxili təhlükəsizlik qurumu Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti həkimlərin Putin üçün təyin etdikləri həyatı izah edib. İngiltərənin "Mirror" qəzetinin iddiasına görə isə həkimlər Rusiya liderinə maksimum 3 il ömür veriblər. Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılsa da, Putinin də xəstəliyi səbəbindən görmə qabiliyyəti ciddi şəkildə aşağı düşdüyü qeyd edilib.
Rusiya agent qəzetə verdiyi açıqlamada bunları deyib; “Ona televiziyaya çıxanda nə deyəcəyini oxumaq üçün böyük hərflərlə yazılmış kağız parçaları lazımdır. Bu kağızlarda yazılan hərflər o qədər böyükdür ki, hər səhifədə bir neçə cümlə var. Gözlərinin vəziyyəti ciddi şəkildə pisləşir”.
Rusiya mərkəzli bir araşdırma platforması olan Proekt tərəfindən daha əvvəl dərc edilən sənədlərdə isə Putinə səfərləri zamanı ən azı 5 fərqli həkimin müşahəd etdiyi iddia edilmişdi. Həmin sənədlərdə “Qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış otorinolarinqoloq Yevgeni Selivanov heç vaxt Rusiya liderinin yanından ayrılmır” ifadəsi də yer almışdı.
Rusiyada nəşrinə qadağa qoyulmuş araşdırma şirkətinin dərc etdiyi sənədlərlə bağlı Kreml təkzib verib. Kremlin sözçüsü Dmitri Peskov sənədləri “fantaziya” adlandırıb və buradakı iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Hətta Britaniya mətbuatının yazdığına görə, Mixail Mişustin Putinin öləcəyi təqdirdə onu əvəzləyəcək ən güclü namizəddir. Bildirilir ki, Rusiyanın baş naziri olan Mişustin siyasi iyerarxiyada Putindən sonra ikinci yerdədir. Namizədlər arasında ölkənin paytaxtı Moskvanın hazırkı meri Sergey Sobyaninin də adı var.
2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində çalışan Nikolay Patruşev də tez-tez xatırlanan adlardandır.
Leyla, Bizimyol.info