Rusiyanın "Mi-8" sərhəd vertolyotu NATO-nun üzvü olan Estoniyanın hava məkanını pozaraq, iki dəqiqəyə yaxın orada uçuş edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "ERR" məlumat yayıb.
Hadisə iyunun 18-də ölkənin cənub-şərqindəki Koidula bölgəsində baş verib. Bu səbəbdən Rusiya səfiri Vladimir Lipaev Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.
Telekanalın məlumatına görə, Rusiya helikopterinin uçuş planı olmayıb və onun transponderi söndürülüb. Bundan əlavə, pilot Estoniya Hava Hərəkəti Xidməti ilə ikitərəfli radio əlaqə yaratmayıb.
“Bu, Estoniya nöqteyi-nəzərindən son dərəcə ciddi və təhlükəli ola biləcək hadisədir. Şübhəsiz ki, bu əlavə gərginliyə səbəb olacaq və heç bir halda qəbuledilməzdir”, - deyə ölkənin Xarici İşlər Nazirliyi şərh edib.
Koidula bölgəsində baş verən hadisə rusların bu il Estoniya hava sərhədini ikinci dəfə pozması kimi qeyd olunub. Ötən il Rusiya Federasiyası beş belə pozuntuya yol verib.
Rusiya NATO-nun böyük sammiti ərəfəsində Estoniyanın hava məkanını pozub. Bundan əlavə, Rusiya qoşunları Estoniya sərhədi yaxınlığında bu ölkəyə gündəlik raket hücumlarını simulyasiya edərək təlimlər keçirir. "Bloomberg"in məlumatına görə, Estoniya Müdafiə Nazirliyi Kremllə NATO dövləti arasında gərginliyin artacağı ilə bağlı xəbərdarlıq edir.
"Bu, heç vaxt indiki qədər ciddi olmayıb. Bu, real həyatdır. Onlar faktiki olaraq NATO ərazisinə raket zərbələrini simulyasiya edir və bu barədə bizə xəbərdarlıq edirlər", - deyə Estoniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Departamentin dövlət katibinin müavini Rein Tammsaar Rusiya Federasiyasını qoşunlarını Ukraynadan çıxarmağa və qanlı müharibəni dayandırmağa çağırıb. Bundan əlavə, o, Kalininqrad vilayətinin blokadası fonunda Litva ilə həmrəy olduğunu bildirib və onun Avropa İttifaqının dördüncü sanksiyalar paketinin qərarını həyata keçirdiyini qeyd edib. Tammsaap vurğulayıb ki, Rusiya Federasiyası qonşularını təhdid etməyi dayandırmalı və Ukraynaya qarşı öz təcavüzünün baha başa gəldiyini dərk etməlidir.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, iyunun 18-dən Litva Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının əsas ərazisi arasında sanksiyaya məruz qalmış yüklərin tranzitini dayandırıb.
Litvanın qoyduğu qadağa ətrafında vəziyyət gərginləşir, Rusiya açıq şəkildə ölkəni hədələyir. Federasiya Şurasının üzvü Andrey Klişas bildirib ki, Litvanın Kalininqrad vilayətində nəqliyyat blokadası yaratmaq cəhdi Rusiyanın bu region üzərində suverenliyinin pozulmasıdır.Onun sözlərinə görə, tranzit qadağası “çox sərt və tamamilə qanuni hərəkətlər üçün əsas ola bilər”.
Qadir, Bizimyol.info