Rusiyalı publisist və satirik Viktor Şenderoviç Kremlin arzuolunmaz saydığı şəxslərdəndir. Buna görə də o, 2021-ci ildə vətənini tərk etmək məcburiyyətində qalıb. Avropa mətbuatı Şenderoviçdən həvəslə müsahibələr götürür. Publisist Vladimir Putin qədər Qərbi də tənqid edir.
Bizimyol.info xəbər verir ki, Şenderoviç yenə maraqlı fikirlər səsləndirib. Fikir adamı hesab edir ki, Putinin özü hakimiyyətinin ilk illərində baş verənlərə çox təəccüblənirmiş. Rusiya prezidenti bu mövqeyə necə gəlib çıxdığını anlaya bilmirmiş.
“Birdən-birə hamı onu alqışlamağa başladı. Onunla Corc Buş, Angela Merkel söhbətləşirdi. İnanmaq olmurdu. Bir müddət sonra Putin anladı ki, bir neçə kubmetr qaza Almaniya kanslerini almaq olar. Sonra başqa şeyləri də başa düşdü. Avropaya qaz verəcəksən, Xodorkovski qurban gedəcək. Hətta parlamentləri və nazirlikləri də almaq mümkündür”.
Şenderoviçin fikrincə, Putin son illərdə reallıq hissini tam itirib. Dövlət başçısı təcrid xəstəliyinə yoluxub.
“Putin azı 10 ildir oxumaqdan zövq aldığı məlumatları alır. O, başqa reallıq tanımır. Putin, məsələn, Klinton kimi hakimiyyətdən gedə bilməz. Sonra gedib saksafon çalsın, mühazirə oxusun. Belə ola bilməz. Hakimiyyətin işğalından, polis rejimi qurulmasından sonra mümkün deyil. Putin və onun ağıllı siyasi texnoloqları xalqın zəif damarını tapıb. Elə bir Rusiya formalaşıb ki, insan həyatından, ümumiyyətlə, hər şeydən üstündür. İnsanlar nə pulqabısını, nə də alçaldılmış vəziyyətini görür”.
Şenderoviç deyir ki, adi rusiyalılar müharibə ilə Putindən daha çox riskə gedir. Çünki Rusiyanın dövlət başçısı çox şey itirmir.
“Putin üçün risk artmayıb. Onsuz da cinayətkardır. Sağlığında ələ keçsə, 20 ilə qədər həbsdə yatacaq. Azadlıqda qala bilməyəcək, ona hakimiyyətdən getmək üçün çox gecdir. O, şantaj edir və taktiki olaraq uğur qazanır. Qərb Ukraynaya kömək adı ilə 1 milyard dollar verir, Putinə isə qaz üçün 30 milyard. Bu, Putinlə özünəməxsus bir mübarizə üsuludur”.
Şenderoviç Qərbin Rusiyada ideal demokratiya axtardığına inanmır. Onun fikrincə, qərblilər Moskvanın 1991-ci il sərhədlərini və həddini aşmamasını istəyir.
Aytən, Bizimyol.info