Tbilisinin Saburtalo rayonu Mirotadze küçəsi 10-B ünvanında 1935-ci ildən yaşayan Sara Bəşirinin bütün arxiv sənədləri olmasına baxmayaraq 4 ildir ki, süni problemlərlə üzləşir.
Sara Bəşiri uzun illərdir ki, ailəsindən qalmış öz şəxsi evini dövlət reyestrində qeydiyyatdan keçirə bilmir. Onun sözlərinə görə, onun evi və torpağı şəhərin mərkəzində yerləşdiyindən qeyri-qanuni şəkildə əlindən almaq istəyirlər. Sara Bəşiri bildirir ki, sözügedən ev 1935-ci ildə onun anası tərəfindən alınıb. Və ailə uzun illər bu evdə yaşayıblar.
1940-cı ildə isə ev rəsmiləşdirilib. Hazırda Sara xanımın əlində evin rəsmi sənədləri var. Sara xanımın qızı bildirir ki, 15 ildir ki, gürcülərlə ev mübahisəsi var. Hətta ona deyiblər ki, “Azərbaycanlısınız, gedin Bakıda yaşayın”.
Sara xanımın həyətinin bir hissəsi qonşu ilə mübahisəlidir. Digər tərəfində isə, yeni bina tikintisinə başlanılıb. Onun adı bütün sənədlərdən silinib. Qeyd edək ki, Sara xanımın yaşadığı evin sahəsi 730 kvadrat metrdir.
Məsələ ilə Bizimyol.info Diasporla İş üzrə Dövlət Komitəsinə sorğu göndərib. Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini Cavid İsmayıl sorğumuza cavab olaraq bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın paytaxtı Tbilisi şəhərində Saburtalo rayonu Mirotadze küçəsi 10-B ünvanında 1935-ci ildən yaşayan Sara Bəşirinin ev problemindən məlumatlıdır.
“Bu məsələ ilə bağlı Sara xanım və ailə üzvləri tərəfindən Komitəyə rəsmi və ya qeyri-rəsmi şəkildə müraciət olunmasa da, mətbuatda bu barədə məlumatlar yayıldıqdan sonra Dövlət Komitəsinin müvafiq ərazi şöbəsi tərəfindən Azərbaycanın Gürcüstandakı səfirliyi ilə əlaqə saxlanılıb və problem barədə ətraflı informasiya alınıb”,- deyə müdir müavini əlavə edib.
Cavid İsmayılın sözlərinə görə, Sara Bəşirinin ailə üzvlərinə Tbilisidə fəaliyyət göstərən "Qanun" hüquqi yardım mərkəzinə müraciət etmək tövsiyə olunub.
Xatırladaq ki, "Qanun" hüquqi yardım mərkəzi 14 may 2022-ci ildən fəaliyyətə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hüquqi problemlərlə qarşılaşan soydaşlarımız mərkəzə müraciət edərək təmənnasız hüquqi yardım almaq imkanına malikdir. Mərkəzin ofisi Tbilisinin Kazbeqi küçəsi-44 ünvanında yerləşir. Yəni Gürcüstanda fəaliyyət göstərən təşkilat ev problemi yaşayan azərbaycanlıya dəstək olmağa çalışacaq.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə də sorğu ünvanlamışıq. Cavabı verildiyi təqdirdə oxucularla bölüşəcəyik.
İlahin, Bizimyol.info