Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ailəmdən alınan pulun yarısı Zakir Qaralov və Rüstəm Usubova çatıb"
"Ailəmdən alınan pulun yarısı Zakir Qaralov və Rüstəm Usubova çatıb"

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, həbsdə olan general Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan üç polkovnikin – Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun məhkəməsində intihara cəhd olub. Keçmiş MTN-çilərin saxta ittihamla həbs edib, yaxınlarından külli miqdarda pul alandan sonra azadlığa buraxdığı iddia olunan zərərçəkmişlərdən biri Əfsəl Həsənəliyev üstünə benzin tökərək özünü yandırmaq istəyib.

Bizimyol.info xəbər verir ki, hadisə iyunun 21-də Bakı Hərbi Məhkəməsində baş verib. Bu məhkəmə prosesində zərərçəkmişlər xeyli vaxtdır ki, keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun çağrılıb dindirilməsini tələb edirlər. Bir müddət öncə təqsirləndirilən MTN polkovnikləri də bu tələbə qoşulub. Onlar MTN-də başlanan cinayət işləri, həbs olunanlar və azadlığa buraxılanlarla bağlı göstərişlərin Baş Prokurorluğun rəhbərliyindən gəldiyini iddia edərək, onların məhkəməyə cəlb olunmasını tələb edirlər.

Hətta ötən məhkəmə iclasında MTN polkovniki Sahib Ələkbərov Rüstəm Usubovu adam oğurluqları və çoxsaylı qətllərlə məşğul olan mütəşəkkil cinayətkar dəstənin himayəçisi adlandırıb. O bildirib ki, 2005-ci ildə bu dəstənin fəaliyyətilə bağlı istintaq zamanı Rüstəm Usubovun həbsi üçün kifayət qədər əsas vardı. Lakin o zaman onu həbs eləmədi və buna görə indi çox peşmandır.

Zakir Qaralov və Rüstəm Usubovun məhkəmədə dindirilməsində israrlı olan zərərçəkmişlərdən biri də Əfsəl Həsənəliyevdir. O, 2014-cü ildə qaçaqmalçılıq ittihamıyla həbs edilib, bir neçə ay həbsdə saxlanılıb, ailəsindən 50 min dollar alınandan sonra azadlığa buraxılıb. Əfsəl Həsənəliyev bildirir ki, onun haqqında saxta cinayət işinin başlanmasına razılıq verən həm də Rüstəm Usubov olub, iş materiallarında onun imzası var: “Ailəm evimi girov qoyub o pulu vermişdi. Sonra banka krediti ödəyə bilmədik, ev əlimizdən çıxdı. Buna görə həm də Zakir Qaralov və Rüstəm Usubov günahkardır. Ailəmdən alınan pulun yarısı onlara çatıb. Gəlib cavab verməlidirlər. Amma təəssüf ki, hakim Elbəy Allahverdiyev bu gün də vətəndaşların yox, onların maraqlarına xidmət edir.

Jurnalistləri də məhkəməyə ona görə buraxmır ki, burada baş verən biabırçılıqlar ört-basdır edilsin. Niyə çağırmır Zakir Qaralov və Rüstəm Usubovu? Mən də daxil olmaqla, 36 nəfəri aylarla MTN-də girov saxlatdırıb, pullarını alanda yaxşı idi?”.

Hakim Qaralov və Usubovun çağrılması haqda vəsatətin təmin olunmadığını açıqlayandan sonra zərərçəkmiş məhkəmə zalında intihara cəhd edib. Bu zaman məhkəmə zalındakı icra məmuru və digər zərərçəkmişlər onun qarşısını alıblar. Əfsəl Həsənəliyev məhkəmə zalından çıxarılıb.

Əfsəl Həsənəliyev Əfsəl Həsənəliyev

General Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır.

Yasin Məmmədov və Sahib Ələkbərov MTN-dən çıxandan sonra vəkil kimi fəaliyyətə başlayıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »