Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məhkəmədə Zakir Qaralov sağımda, Rüstəm Usubov solumda olmalıdır"
"Məhkəmədə Zakir Qaralov sağımda, Rüstəm Usubov solumda olmalıdır"

Müxtəlif iş adamlarını uydurma ittihamlarla həbs edib, yaxınlarından külli miqdarda pul alandan sonra azadlığa buraxmaqda ittiham olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovnikləri açıq şəkildə keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovu günahlandırırlar. Deyirlər ki, kimin tutulması, kimin nə vaxt buraxılması və s. məsələlərdə Baş Prokurorluğun rəhbərliyindən gələn şifahi və yazılı göstərişləri icra ediblər.

Bizimyol.info xəbər verir ki, keçmiş MTN-çilər Zakir Qaralov və Rüstəm Usubovun məhkəmədə dindirilməsini tələb ediblər. Bu, iyunun 20-də Bakı Hərbi Məhkəməsində baş verib. Bu məhkəmədə MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış üç polkovnikin – 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun işinə baxılır. Adları çəkilənlərdən yalnız general həbsdədir, digər üç nəfər barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Keçmiş MTN-çilərin işinə baxan hakim Elbəy Allahverdiyev açıq məhkəmə prosesində jurnalistlərin iştirakına imkan vermir. Əvvəllər pandemiyanı bəhanə gətirən hakim son vaxtlar ümumiyyətlə, heç bir əsas göstərməyə ehtiyac durmur. Sadəcə, jurnalistlərə deyilir ki, hakim media nümayəndələrinə icazə vermir. Buna baxmayaraq, jurnalistlər məhkəmə zalında baş verənlərdən xəbər tuta bilirlər.

Budəfəki məhkəmə iclasında təqsirləndirilən şəxslərdən polkovnik Sahib Ələkbərov xüsusən Rüstəm Usubovu çoxsaylı adam oğurluqları və qətllər törətmiş cinayətkar dəstəni himayə etməkdə günahlandırıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, polkovnik Hacı Məmmədovun rəhbərliyi altında 1995-2005-ci illərdə fəaliyyət göstərmiş, Beynəlxalq Bankın o vaxtkı rəhbəri Cahangir Hacıyevin həyat yoldaşını oğurlayandan sonra ifşa edilmiş dəstənin fəaliyyətinə görə Rüstəm Usubovu həbs eləmək üçün kifayət qədər dəlillər olub. Bunu Sahib Ələkbərov məhkəmədə açıq şəkildə dilə gətirib. O bildirib ki, dəstənin çeçen üzvlərindən biri ilə münasibəti olan qadın – Rəna Nəsibova onların törətdikləri cinayətlər barədə eşitdiklərini dərhal Zakir Qaralova məktubla çatdırıb, şəxsən Rüstəm Usubovla görüşüb. Rüstəm Usubov dəstənin törətdiyi və planlaşdırdığı cinayətlər barədə qadından məlumat alsa da, heç bir tədbir görməyib. Əvəzində onunla görüşdən az sonra həmin qadın işlədiyi “Knauf” firmasının ofisində qətlə yetirilib. Həmin vaxt hadisə yerinə ilk gələnlərdən biri də Rüstəm Usubov olub.

Rəna Nəsibova heç vaxt narkotik istifadəçisi olmadığı halda, ekspertizadan onun guya artıq dozada narkotik qəbulundan vəfat etməsi haqda rəy alınıb. 2005-ci ilin martında Hacı Məmmədovun dəstəsi ifşa olunandan sonra bu məsələlər də araşdırılıb və məlum olub ki, əslində, Rəna Nəsibova boğularaq öldürülüb.

Hacı Məmmədovun dəstəsilə bağlı araşdırma aparan istintaq qrupunun üzvlərindən biri də Sahib Ələkbərov olub: “O zaman Rüstəm Usubovun dindirilməsi mənə həvalə olunmuşdu. Dindirmə zamanı Rüstəm Usubovun əməlində cinayət tərkibi olduğunu müəyyənləşdirdim. Ona sual verdim ki, Rəna Nəsibovanın verdiyi məlumatar əsasında hansı qanuni tədbirlər görülüb? Məlum oldu ki, 2 formal məktubdan başqa heç bir tədbir görməyib. Bu məsələni Mövlam Şıxəliyevə məruzə etdim. O, Rüstəm Usubovun həbsinə göstəriş verdi. Amma mən o göstərişi icra eləmədim və buna görə peşmanam. Həmin vaxt o göstərişi icra eləsəydim, bu gün burada olmazdım. Onun mənimlə o vaxtdan – onu dindirməyimlə əlaqədar mənə qarşı şəxsi ədavəti var. Ona görə də məni bu işə qatıb və bu gün məhkəmə qarşısındayam. Mən buradayamsa, Rüstəm Usubov da burada cavab verməlidir”.

MTN polkovnikinin sözlərinə görə, ona 6 epizod üzrə adamları qanunsuz həbs edib, onların yaxınlarından rüşvət alma ittihamı verilib. Lakin bu ittihamların heç birini qəbul eləmir. Bununla belə, Rüstəm Usubov haqqında tədbir görmədiyinə görə vəzifə cinayəti törətdiyini etiraf edir. O vurğulayıb ki, bu cinayətinə görə cəzalandırılmağa hazırdır.

“Mən icraatımda olan işlər üzrə istintaqa cəlb olunanlardan nə pul almışam, nə də tələb eləmişəm. Kimsə pul tələb edibsə, yaxud da alıbsa, prokurorluq araşdırma aparıb müəyyənləşdirilsin, məsuliyyətə cəlb eləsin. Mən bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov dayanmalıdır. Bizim kimi onlar da ölkə boyu rüsvay olmalıdır. Çünki burada baş verənləri mətbuat yazır”, - Sahib Ələkbərov bildirib.

O, yazılı şəkildə məhkəməyə vəsatət verib ki, Zakir Qaralov və Rüstəm Usubov çağırılıb dindirilsin.

Daha bir MTN polkovniki Vüsal Ələkbərov da Zakir Qaralov və Rüstəm Usubovun dindirilməsində israr edib. O bildirib ki, bu adamlara görə bundan əvvəl həbs edilib, barəsində ittiham hökmü çıxarılıb və 5 il həbsdə saxlanılıb: “Yenidən günahım olmadan məhkəmə qarşısına çıxarılmışam. Mən ikinci dəfə bu həyatı yaşamayacağam. Hər şeyi olduğu kimi açıb deyəcəyəm. Gözləyirəm ki, Zakir Qaralov, Rüstəm Usubov özləri gəlib burada izah versinlər. Desinlər ki, kimlərin tutulması, kimlərin buraxılması necə olub...”

Zərərçəkmişlər də Zakir Qaralov və Rüstəm Usubovun onların qanunsuz həbsində əli olduğunu bildiriblər. Onlar hesab edir ki, yaxınlarından alınan pullardan Qaralov və Usubova da çatıb. Çünki cinayət işi başlanması, qətimkan tədbirinin dəyişdirilməsi və s. məsələlərdə qərarları istintaqa nəzarət orqanı kimi, prokurorluq verirdi. Bir çox sənədlərdə də onların imzaları var.

Zərərçəkmişlər həmçinin Bakı Hərbi Məhkəməsində bu işə baxan hakim Elbəy Allahverdiyevə etiraz edib. Onlar bildirib ki, Elbəy Allahverdiyev vaxtilə müstəntiq kimi MTN-də fəaliyyət göstərib. İndi də keçmiş həmkarlarının əməllərini ört-basdır edir. Bu məqsədlə də jurnalistləri açıq məhkəmə prosesinə buraxmır.

“Açıq məhkəmə prosesində jurnalistlərin iştirakına imkan vermirsiz. Siz açıq məhkəmə prosesini qapalı keçirməklə faktiki Mövlam Şıxəliyevgilin bizlərə qarşı törətdiklərini ört-basdır eləməyə çalışırsınız. Bu həm də onların əməllərinə şərik olmaq deməkdir. Doqquz aydır məhkəmə gedir, zərərçəkənlərin bir vəsatətini də təmin etməmisiz. Təqsirləndirilən şəxsləri aşkar müdafiə edirsiniz”,- zərərçəkmiş Qulam Bağırov bildirib.

Məhkəmə prosesi davam edir.

Günüral Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Təqsirləndirilən şəxslərdən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır. Yasin Məmmədov və Sahib Ələkbərov MTN-dən çıxandan sonra vəkil kimi fəaliyyətə başlayıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »