Rusiya aktiv şəkildə Qərbin hərbi texnologiya və komponentlərini əldə etmək üçün sanksiyalardan qurtulmağın yollarını axtarır.
Bizimyol.info xəbər verir ki, bu barədə Kanada kəşfiyyatı öz sosial şəbəkə səhifəsində məlumat yayıb. Kanada kəşfiyyat xidməti qeyd edir ki, Rusiya hərbi-sənaye kompleksi öz qoşunlarını modernləşdirmək üçün xarici komponentlərdən və texnologiyalardan böyük dərəcədə asılı vəziyyətdədir.
“Rusiyanın maraqlı tərəflərinin bu sanksiyalardan yayınmaq və qeyri-qanuni yolla Qərbin texnologiyalarını əldə etmək cəhdləri davam edəcək və potensial olaraq artacaq”,- deyə məlumatda bildirilib.
Xatırladaq ki, sanksiyalar üzündən Rusiyanın yeni silah istehsalı getdikcə azalır. Amma buna baxmayaraq, o, 6 aydan 12 aya qədər döyüşmək qabiliyyətinə malikdir. Rusiya Federasiyasında avadanlıqların yenidən işə salınıb cəbhəyə köçürülə biləcəyi anbarlar var. Amma bu avadanlıqlar köhnə avadanlıq olacaq.
Britaniya kəşfiyyatı isə, Rusiya Federasiyasının dəqiq idarə olunan silah ehtiyatlarının tükəndiyini və hazırda Rusiya ordusunun köhnə və daha az etibarlı döyüş sursatlarından istifadə etdiyi barədə məlumat yayıb.
Bir müddət əvvəl isə Qərbin sanksiyalarına görə, Rusiyada zenit-raket komplekslərinin istehsalı üzrə "Ulyanovsk Mexanika" istehsala buraxılan xarici komponentlərin çatışmazlığı səbəbindən faktiki olaraq fəaliyyətini dayandırıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi sosial şəbəkə səhifəsində məlumat yayıb.
"Son vaxtlara qədər Almaniya Rusiya hərbi sənaye kompleksinin əsas tədarükçüsü idi. Lakin Ukrayna ərazisinə müdaxilənin başlaması ilə əməkdaşlığa son qoyulub”,- deyə məlumatda bildirilib.
Qeyd edək ki, Rusiya öz silahlarının əksəriyyətini özü istehsal etsə də, bu silahların istehsalı üçün istifadə edilən yarımfabrikatların bir çoxu xaricdən alınırdı. Qəribə səslənsə də, Rusiya silah istehsalından istifadə olunan bir çox komponentləri, xüsusən də yüksək texnologiyaya söykənən çipləri və proqram təminatını hər zaman "düşmən" elan etdiyi ABŞ-dan alırdı. Siyahıda əsas yerlərdə Almaniya və Yaponiya da var. Ukraynaya təcavüzdən sonra isə bu ölkələr bütün komponentlərin Rusiyaya satışına qadağa qoyub. Nəticədə Rusiya müharibədə itirdiyi yüksək dəqiqlikli silahların yerini doldura bilmir. Bu məsələdə Çin də Kremlə kömək etməkdən çəkinir. Çünki Çinin də iqtisadiyyatı Qərbdən çox asılıdır. Qərbin sanksiyaları Çin iqtisadiyyatını qısa müddət ərzində iflasa uğrada bilər.
İlahin, Bizimyol.info