Fevralın 24-dən bəri saysız-hesabsız komandirlərini itirən Rusiya ordusu daha bir itki verib.
Bizimyol.info xəbər verir k, Rusiya prezidenti Putinin göstərişi ilə fevralın 24-də başlayan müharibə bütün sürəti ilə davam edir. Aylarla davam edən müharibə saysız-hesabsız mülki və hərbi itkilərlə nəticələnib.
Ukrayna ərazisində bir çox komandirini itirən Rusiyaya daha bir zərbə Volnovaxadan gəlib. Münaqişələrin şiddətləndiyi Donbas bölgəsində daha bir komandir həyatını itirib. 51 yaşlı polkovnik-leytenant Sergey Qundorovun olduğu helikopter Ukraynaya məxsus zenit raketi ilə vurulub.
Hücumun Donbasın Volnovaxa yaxınlığında baş verdiyi açıqlanıb. Daha əvvəl üç “Şücaət” ordeni alan Qundorovun olduğu helikopter vurulduqdan sonra bir müddət uçub, daha sonra yerə çırpılıb. Eyni zamanda başqa bir Rusiya helikopterinin “Chaff patronu” ilə atəş açaraq hücumdan qaçıb bölgədən uzaqlaşdığı bildirilir.
Britaniyanın "Daily Mail" qəzeti yazıb ki, 51 yaşlı Qundorov Putinin Ukrayna müharibəsində itirdiyi 55-ci yüksək rütbəli hərbçidir.
Ukrayna iddia edir ki, 30 mindən çox Rusiya əsgəri aylarla davam edən müharibədə həyatını itirib. Rusiya isə aylardır hərbi itkiləri açıqlamaq istəmir. Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib. Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisinin 498 olduğu açıqlanıb. O vaxtdan bəri bu məlumatlar heç vaxt yenilənməyib.
Rusiya hökuməti nadir hallarda silahlı qüvvələri tərəfindən ölənlərin sayı ilə bağlı yeniliklər təqdim etsə də, yerli hökumətlərin və qəzetlərin elanları döyüşlərdə 300-dən çox zabitin öldüyü göstərilir.
Xatırladaq ki, Rusiya Əfqanıstanı işğal edərkən də oxşar hərbi böhranla üzləşmişdi. Sovet əsgərləri ilk dəfə 24 dekabr 1979-cu ildə Sovet lideri Leonid Brejnevin əmri ilə bölgəyə yola salınıb və 10 il davam edən müharibədə 15 minə yaxın sovet əsgəri həyatını itirib.
Leyla, Bizimyol.info