ABŞ prezidenti Сщ Bayden bildirib ki, rekord inflyasiya ilə mübarizə apararkən yüksək yanacaq qiymətlərini azaltmaq üçün müvəqqəti federal benzin vergisindən azad ola bilərlər.
"Ümid edirəm ki, həftənin sonuna qədər məlumatlara əsaslanan qərar qəbul edə bilərəm",- deyə Bayden jurnalistlərə bildirib.
Bildirilir ki, bu verginin dayandırılması istehlakçılar üçün bir qədər rahatlıq təmin edəcək, çünki ABŞ-da benzinin qiyməti sürətlə qalxır. Lakin Konqres hər gallon üçün 18,4 sentə qənaət edəcəyi gözlənilən plan qüvvəyə minməzdən əvvəl də hərəkətə keçməlidir.
Xtırladaq ki, fevral ayında Demokratlar bu ideyanı Konqresə təqdim edəndə Respublikaçıların lideri senator Mitch McConnell şiddətlə qarşı çıxıb. Lakin o vaxtdan bəri benzinin qiyməti kəskin şəkildə artmaqda davam edir. Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, bu ay ölkə üzrə benzin 5 dolları ötüb.
ABŞ-da neft və yanacağın qiymətləri əsasən qlobal neft qiymətlərinin qalxması nəticəsində artıb. Qlobal neft qiymətləri Rusiyanın Ukraynaya müdaxiləsi və bunun ardınca Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar və pandemiyadan sonra tələbin artması səbəbindən son illərdə ən yüksək səviyyəyə qalxıb.
ABŞ ev təsərrüfatlarına təsir göstərən qiymətlərlə əlaqədar olaraq, Ağ Ev və Demokratlar yanacaq xərclərini azaltmaq üçün bir neçə variantdan biri kimi milli qaz vergisi istisnasını qaldırıblar.
Bu gedişdə təkrar seçkilərin yaxınlaşmasının da təsirli olduğu düşünülür. ABŞ daha əvvəl bəyan etmişdi ki, strateji ehtiyatlarının bir hissəsi neftin qiymətini aşağı salmaq üçün istifadə olunacaq.
Digər tərəfdən Bayden, komandasının bu həftə böyük neft şirkətlərinin yüksək səviyyəli rəhbərləri ilə görüşməyi planlaşdırdığını açıqlayıb. Bayden keçən həftə bəzi ən böyük neft şirkətlərini hədəf alaraq mənfəətlərini ədalətsiz şəkildə artırdıqlarını söyləyib.
Bildirilir ki, yanacaq əmtəə və xidmətlərin əsas daxilolmalarından biri olduğundan, benzinin qiymətinin hər hansı artımı birbaşa olaraq inflyasiyanın artmasına təkan verir. Onu da əlavə edək ki, may ayında ABŞ-da inflyasiya 8,6 faiz olmaqla son 40 ilin ən yüksək səviyyəsinə çatıb.
Leyla, Bizimyol.info