İsrail və ABŞ "Yaxın Şərq hava hücumundan müdafiə alyansı" qurur və bu, İranın region ölkələrini təhdid etmək cəhdlərinin qarşısını alacaq.
Bizimyol.info xəbər verir ki, İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu bazar ertəsi yəhudi dövlətinin müdafiə naziri Benni Qantz Knessetin (parlament) xarici işlər və müdafiə komissiyasının iclasında çıxışı zamanı deyib.
"ABŞ-ın rəhbərliyi ilə biz "Yaxın Şərq Hava Hücumundan Müdafiə Alyansı" qururuq. Bu, artıq İranın İsraili və regiondakı digər ölkələri təhdid etmək cəhdlərinin qarşısını alır. ABŞ Prezidenti Co Bayden 13-14 iyul tarixlərində İsrailə nəzərdə tutulan səfəri zamanı bu prosesi dəstəkləyəcək”, - deyə Qantz bildirib.
Onun sözlərinə görə, söhbət pilotsuz uçuş aparatlarından, eləcə də raket silahlarından, o cümlədən qanadlı raketlərdən istifadə baxımından İrana qarşı mübarizədən gedir.
İsrailli nazir əlavə edib ki, bu layihə ABŞ-la müdafiə sahəsində sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. "Son bir il ərzində mən Pentaqondakı həmkarlarım və ABŞ administrasiyası ilə İsrail həmçinin region dövlətləri arasında əməkdaşlığı gücləndirəcək nəhəng proqram üzərində işləyirəm. Ümid edirəm ki, Prezident Baydenin mühüm səfəri zamanı bu istiqamətdə daha bir addım atacağıq”, - Qantz deyib.
Ağ Evin sahibi iyulun 13-dən 16-dək Yaxın Şərq turu edəcək və bu tur zamanı İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanına səfər edəcək. Vaşinqton administrasiyasının məlumatına görə, o, regionda və ondan kənarda yerləşən ölkələrdən olan ona yaxın həmkarı ilə görüşməyi planlaşdırır.
Baydenin İsrailə səfəri iyulun 13-14-də baş tutacaq. Yəhudi dövlətinin hökumət başçısının ofisindən verilən məlumata görə, onu baş nazir Naftali Bennett qəbul edəcək.
Qadir, Bizimyol.info