Bakının Səbail rayonunda polis əməkdaşı xidməti silahından açılan güllə ilə yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Bizimyol.info xəbər verir ki, hadisə iyunun 20-də səhər saat 6 radələrində baş verib. Tabel silahıyla güllələnən Səbail rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanovdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə baş verərkən Elçin Qurbanov gecə növbəsində xidmətdə olub. Hadisənin Elçin Qurbanovun xidməti silahıyla ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.
“Elçin Qurbanov dərhal xəstəxanaya çatdırılıb, həkimlərin nəzarətinə verilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur”, - Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
İyunun 1-də Abşeron rayonu ərazisində də polis əməkdaşı İntiqam Çıraqov öz xidməti silahıyla güllələnib. Həmin hadisə ilə bağlı yayılan rəsmi açıqlamada da bildirilirdi ki, İntiqam Çıraqov xidməti silahıyla ehtiyatsız davranıb və nəticəsə atəş açılıb. Öz silahıyla güllələnən İntiqam Çıraqov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ondan əvvəl – aprelin 21-dən 22-nə keçən gecə Xəzər rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Tural Aslanov xidməti silahla münasibətdə olduğu qadını qətlə yetirib, daha sonra özünü öldürüb.
Aytən, Bizimyol.info