Ukraynada müharibənin 4-cü aydır. Fevralın 24-də Vladimir Putinin göstərişi ilə başlayan müharibə ölkənin şərq bölgələrində qızışdıqca Rusiyanın növbəti hədəfi ilə bağlı alovlu iddia gündəmə gəlib. Mühacirətdə olan rusiyalı oliqarx Mixail Xodorkovski Putinin Ukraynaya müdaxiləsinin uğur qazanacağı təqdirdə növbəti hədəfinin nə olacağını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Rusiya lideri Putinlə bağlı diqqətçəkən bir iddia ortaya çıxıb. Donbasa nəzarəti təmin etmək üçün demək olar ki, bütün gücü ilə Ukraynanın şərqinə hücum edən Rusiya qoşunları Ukrayna qüvvələrini geri itələməyə davam edərkən, mühacirətdə olan oliqarx Mixail Xodorkovski növbəti proseslə bağlı çarpıcı iddialar səsləndirib.
“Financial Times” qəzetinə danışan Xodorkovski Putinin Ukraynaya müdaxiləsi uğur qazanacağı təqdirdə növbəti hədəfinin nə olacağını açıqlayıb. Bir vaxtlar Rusiyanın ən varlı adamı olan Xodorkovski xəbərdarlıq edib ki, Putin ölkədəki daxili problemlərə həll yolu tapmaq üçün NATO ilə müharibəyə başlaya bilər. Xodorkovski vurğulayıb ki, Putin Donbas bölgəsini ələ keçirmək məqsədinə çatarsa, Qərblə münaqişənin gərginləşməsi təhlükəsi ciddidir.

Xodorkovskinin xəbərdarlığının NATO-nun baş katibi Stoltenberqin Ukraynada uzunmüddətli müharibə açıqlamasından dərhal sonra gəlməsi diqqətdən yayınmayıb. Xatırladaq ki, dünən Almaniya mətbuatına açıqlama verən Stoltenberq demişdi: “Biz müharibənin illərlə davam edə biləcəyinə hazırlaşmalıyıq. Biz Ukraynaya dəstəyi dayandırmamalıyıq. Biz Ukraynanı təkcə hərbi dəstək üçün deyil, hətta xərclər yüksək olsa belə, enerji və ərzaq qiymətlərinin artmasına görə dəstəkləməliyik”.
Ukrayna ordusuna ən müasir silahların verilməsinin Donbas bölgəsinin Rusiyanın nəzarətindən azad edilməsinə kömək edə biləcəyini vurğulayan baş katib son açıqlamasında bildirib ki, NATO Sammitində Ukraynaya yardım paketi ilə bağlı razılaşma gözlənilir.
Digər tərəfdən, Britaniya ordusunun yeni Baş Qərargah rəisi general Ser Patrick Sanders İngiltərə əsgərlərinə "Avropada döyüşməyə hazır olun" mesajını verib. Sanders, Rusiyanın Ukraynaya təcavüzünün yeni bir təhlükəsizlik dövrünə yol açdığını vurğulayan bəyanatında, aşağıdakı ifadələrə yer verib; “İndi müttəfiqlərimizlə bərabər döyüşə və döyüşdə Rusiyanı məğlub edə biləcək bir ordu yaratmaq imperativi var”.
Əvvəllər Şimali İrlandiya, Kosovo, İraq və Əfqanıstanda əməliyyatlara komandanlıq etmiş 56 yaşlı Sanders, “biz hərbçiləri Avropada döyüşmək üçün yenidən hazırlamalı olan nəsliyik” deyə bildirib. İngiltərə komandiri ordunun modernləşdirilməsi planlarını sürətləndirəcəyini və böhranlara daha tez cavab vermək üçün xaricə daha tez-tez yerləşdirməyi vəd edib.
Ölkə mediası Sandersin xəbərdarlığının Baş Qərargah rəisi olduqdan sonra verdiyi ilk açıqlama olduğuna diqqət çəkib.
Xatırladaq ki, Rusiyanın keçmiş neft maqnatı Mixail Xodorkovski 2003-cü ilə qədər Rusiyanın ən varlı adamı sayılırdı. Putindən siyasi səbəblərdən ayrılan oliqarx maliyyə ittihamları ilə üzləşib və 9 il həbs cəzası alıb. 2013-cü ildə həbsdən çıxan Xodorkovski o vaxtdan bəri Kreml və Putini tənqid etməsi ilə diqqət çəkir. Rusiyalı oliqarx 2015-ci ildən İngiltərənin paytaxtı Londonda yaşayır.
Bəzi ehtimallara görə, Putin Ukraynanın şərqini nəzarətə götürdükdən sonra NATO-nu fakt qarşısında qoymaq üçün üzv ölkələrdən birinə basqın edə bilər. Belə bir qərar verilərsə, çox güman bu, Baltikyanı ölkələrdən birinə və ya hər üçünə qarşı baş verəcək. Rusiya Baltikyanı ölkələrə soxulduqdan sonra dünyanı nüvə silahı ilə hədələyə bilər. O üzdən də bir çoxları hesab edir ki, məhz indi - müharibə Ukraynada getdiyi müddətdə NATO öz qətiyyətini göstərməlidir ki, Putin NATO coğrafiyasına soxulmağa cəsarət etməsin.
Leyla, Bizimyol.info