Son zamanlar Türkiyə və Yunanıstan münasibətlərində gərginlik artarkən Yunanıstan mətbuatı böhranı həll etmək üçün ABŞ və Almaniyanın da işə başladığını yazıb.
Bizimyol.info xəbər verir ki, yazıda bildirilib ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və Türkiyə prezidentinin müşaviri İbrahim Kalın ötən çərşənbə günü Berlində keçirilən danışıqlarda Türkiyə ilə Yunanıstan arasında gərginliyi azaltmaq üçün addımlar atıblar.
Yunanıstanda çıxan “Kathimerini” qəzeti də milli müdafiə naziri Hulusi Akarın Yunanıstanın müdafiə naziri Nikos Panagiotopoulos ilə Brüsseldə keçirdiyi görüşün təfərrüatlarına da yer verib. Xüsusilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi hədəf alan və ikitərəfli danışıqların yolunu kəsdiyini xatırladan qəzet müdafiə nazirləri səviyyəsində görüşün əhəmiyyətinə də diqqət çəkib. Qəzet bu görüşün əlaqələr üçün “vacib addım” ola biləcəyini də vurğulayıb.
"Kathimerini" ilə danışan Afina hökumətinə yaxın mənbələr ABŞ-ın Yunanıstan və Türkiyə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün səy göstərdiyini açıqlayıb və bu mövzuda Almaniya ilə daim məsləhətləşdiklərini vurğulayıb.
Qəzetə danışan Afina hökumətinə yaxın mənbələr Panagiotopoulos-Akar görüşü ilə bağlı bilinməyənləri də paylaşıblar. Qəzet bağlı qapılar arxasında üç mühüm mövzunun müzakirə edildiyini açıqlayıb. İkitərəfli görüşlərdə müzakirələrdəki təxribatçı tonların azaldılmasının vacibliyi vurğulanıb, Egey üzərində uçuşların dayandırılması və turizm mövzusunda birgə hərəkət edilə bilməsi müzakirə olunub.
Mənbələr həmçinin Ərdoğan və Mitsotakisin iyunun 29-30-da Madriddə keçiriləcək NATO sammitində qısa görüşünün “növbəti addım ola biləcəyinə” ümidlərini itirmədiklərini təkrarlayıblar.
Leyla, Bizimyol.info