Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Həmin bölgələrdə yeni düşüncəli insanlar məskunlaşacaqlar" - Böyük Qayıdış
"Həmin bölgələrdə yeni düşüncəli insanlar məskunlaşacaqlar" - Böyük Qayıdış

Artıq iki ildir ki, Azərbaycanın 30 il işğal altında qalan torpaqları işğaldan azad edilib. Artıq həmin ərazilərdə “Böyük qayıdış” planının həyata keçirilməsi üçün müəyyən işlər görülməyə başlanılıb. Ağıllı kəndlər salınır, infrastruktur yenidən qurulur. Və həmin ərazilərdə yaşamış insanlar öz dədə-baba yurdlarına köçürüləcəklər. Bu isə, asan proses deyil. İllərlə işğal altında olmuş həmin ərazilər ermənilər tərəfindən dağıdılmış, infrastruktur tamamilə məhv edimişdir. Biz yəni Azərbaycan olaraq, öz torpaqlarımızda hər şeyə yenidən başlayırıq.

Politoloq Sədrəddin Soltan Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə çox böyük işlər görülür. Yollar salınır, elektrik xəttləri çəkilir, evlər tikilir, su qovşaqları tikilir və s. Yəni həyat üçün vacib infrastruktur obyektlər tikilir.

Sədrəddin Soltan Sədrəddin Soltan

“Təbii ki, torpağı əkib becərməsən, torpaqda yaşamasan o torpağın təhlükəsizliyi də şübhə altına alınar. Bu baxımdan Azərbaycan işğaldan xilas edilən əraziləri həm əkilib-biçilməli, həm də o torpağın, o məmləkətin əzəli sakinləri dədə-baba yurdlarına dönməlidir”,- deyə politoloq qeyd edib.

Sədrəddin Soltan bildirir ki, işğaldan azad edilən ərazilərdə yanaşma da yeni olacaq. Yəni orada yeni binaların tikilişi, yeni infrastrukturların yaradılması bunu deməyə əsas verir.

“Məncə, həmin bölgələrə yeni düşüncəli insanlar məskunlaşacaqlar. Ənənəvi əyalət düşüncəli insanlar deyil, orada Bakıda başqa müxtəlif mərkəzi şəhərlərdə yaşamış insanlar yerləşəcəklər. Bu da həmin ərazidə mədəni və sosial səviyyənin daha yüksək olacağın deməyə əsas verir”.

Politoloqun sözlərinə görə, “Böyük Qayıdış”la bağlı məsələ 2020-ci il noyabrın 10-da qəbul edilmiş üç tərəfli bəyanatda da öz əksini tapıb. Həmin bəyanatın 7-ci maddəsinə əsasən məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının “Qaçqınlar üzrə ailə komisarlığı” nəzarəti altında Qarabağ ərazisinə və ona bitişik bölgələrə qaydırlar: “Baxın bu deməyə əsas verir ki, Azərbaycan bu istiqamətdə gördüyü iş noyabrın 20-də üzərinə götürdüyü öhdəliyin tərkib hissəsidir. Lakin qarşı tərəf həm Ermənistan, həm Rusiya 20 noyabr bəyanatının həyata keçməsi üçün əməlli addımlar atmaqda ya ləngiyirlər, ya da bu istiqamətdə addımlar atmaq istəmirlər. Çünkü, həmin ərazilərin minalardan təmizlənməsi vacib şərtdir. Rusiya ilə Ermənistanın Qarabağ ərazisində birgə fəaliyət göstərdiyi də istisna edilmir. Bilirsiz otuz illik işğal dövründə həmin ərazilərə Rusya hərbiçiləri, Rusyia rəsmiləri və s. səfərlər edib. Bu baxımdan ehtimal etmək olar ki, həmin minaların basdırılmasında Rusiya da xəbərsiz deyil. Eləcə də Ermənistanın və separatçıların havadarları da bu minaların basdırılması hadisəsindən xəbardardır. Odur ki, bu işdə Ermənistana həm də Rusiya və havadarları yardım etməlidir. Amma göründüyü kimi Ermənistan, Azərbaycana minalanmış ərazilərin çox kiçik bir hissəsinin xəritəsini verib. Azərbaycan böyük güc hesabına əraziləri minalardan təmizləyir”.

Ekspert hesab edir ki, Azərbaycan tərəfi bütün danışıqlarda ərazilərin minalardan təmizlənməsi məsələsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bu, vacib məsələdir. Çünkü həmin ərazilərə dinc sakinlərin köçürülməsi məsələsi var. Dinc sakinlərin orada kənd təsərrüfatı və s. sahələrdə məşğul olacaq. Orada xəstəxanalar, uşaq bağçaları və məktəblər fəaliyyət göstərəcək. Orada uşaqlar, yaşlılar, qadınlar, qocalar yaşayacaqlar. Mina basdırılmış ərazilərin xəritələri verilməsi məsələsi də humanitar bir məsələdir. Hadisələrin gedişatı göstərir ki, bu istiqamətdə üzərlərinə öhdəliklər götürmüş tərəflər vəzifələrini icra etmirlər.

Politoloq hesab edir ki, Azərbaycan vətandaşları işğaldan azad edilmiş torpaqlara yaxın illərdə qayıdacaqlar.

“İndi də həmin ərazilərə Azərbaycan vətəndaşları gedirlər, amma daimi yaşamaq üçün ilk növbədə vətəndaşların təhlükəsizliyi təmin olunmalıdır. Bununla yanaşı, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Yəni nəqliyat açılması, nəqliyat vasitlərinin hərəkəti, Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin başlaması, Azərbaycan Ermənistan arasında bir başa danışıqların davam etməsi, Rusiyanın, Azərbaycan-Ermənistan münasibətləri normallaşmasına mane olmaması, eləcə də Fransanın bu məsələyə mane olmaması və s. bütün bunlar Azərbaycan vətəndaşlarının öz torpağlarına qayıtması üçün başlıca şərtlərdəndir” - deyən Sədrəddin Soltan əlavə edib ki, həmin ərazilərdə yeni evlərin və həyati vacib obyektlərin tikilməsi başlıca şərtdir. Çünkü o torpaqlarda daş-daş üstə qalmayıb. Boş torpaqlardır. Həmin torpaqlarda yenidən yaşamaq üçün binalar, məktəblər, xəstəxanalar və müxtəlif ticarət obyektləri və s. tikilməlidir.

“Bu elə də asan və sadə iş deyil. Azərbaycana bu işdə beynəlxalq ictimaiyyət, Azərbaycanı sevən, haqq işini dəstəkləyən dövlətlərin yardım edəcəyi halda bu proses sürətlənə bilər” - deyə politoloq qeyd edib.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Son xəbərlər
Bütün xəbərlər »