“New York Times”-da Ukraynadan əldə edilən foto sübutların təhlili zamanı Rusiyanın bəzi beynəlxalq müqavilələrlə qadağan edilən kaset silahlarından geniş istifadə etdiyi müəyyən edilib.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, nəşrin məlumatına görə, ümumilikdə NYT fotoqraflarının çəkdiyi 1000-dən çox foto araşdırlıb.
Qeyd edək ki, ümumilikdə jurnalistlər 2000-dən çox sursat müəyyən ediblər ki, onların da böyük əksəriyyəti idarə olunmur. Bununla yanaşı, 210-dan çox hərbi sursat beynəlxalq müqavilələrlə qadağan edilib.
Müəyyən edilən sürsatların bir neçəsi istisna olmaqla, demək olar ki, hamısı kasetli sürsatlar olub. Yəni həmin silahlar elə silahlardır ki, müharibə bitdikdən sonra onilliklər ərzində mülki əhali üçün ciddi təhlükə yarada bilər.
Nəşr həmçinin qeyd edir ki, ruslar hər yerdə idarə olunmayan raketlərdən istifadə edirlər. Onların dəqiqliyi yoxdur. Bu səbəbdən də, tək bir hədəfi vurmaq üçün daha çox sayda istifadə edilə bilər.
Bu isə, həmin raketlərin yaşayış binalarına dəymə ehtimalını artırır. “Hesab edirəm ki, burada rusların etdikləri İkinci Dünya Müharibəsi zamanı, işğalçıların dinc şəhərləri bombalayaraq, cəhənnəmə döndərdikləri vəziyyətlə eynidir”, - deyə Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib. Xatırladaq ki, bir müddət əvvəl ruslar Zoloçivə kasetli sursatlardan atəş açaraq, 7 evə ziyan vurub.
Beynəlxalq insan haqları təşkilatı “Amnesty İnternational” Rusiya ordusunun beynəlxalq konvensiyalarla qadağan edilmiş kaset bombalarından və piyada əleyhinə minalardan dəfələrlə istifadə etdiyinə dair təkzibedilməz sübutlara malik olduğunu bildirib.
Rusiya isə, dəfələrlə qadağan olunmuş sursatların istifadəsini təkzib edib.
İlahin, Bizimyol.info