“Ukrayna Avropa İttifaqına namizəd üzv statusu alacaq. Belə bir qərarın qəbulu üçün hazırlıqlar uğurla aparılır”.
Bizimyol.info Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə “Spiegel” nəşrinə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib. "Mən qəti şəkildə inanıram ki, müsbət cavab alacağıq, dəstək alacağıq, kurs artıq müəyyən edilib",- deyə o bildirib. Avropa Komisisyasının rəhbəri qeyd edib ki, Ukrayna səkkiz il ərzində çox iş görüb. Belə ki, bunu Aİ qərarının əsaslanacağı məlumat və faktlar sübut edir.

"Biz daha çox islahatlar görmək istəyirik" deyən Von der Leyen əlavə edib ki, korrupsiya ilə mübarizə və qanunun aliliyinin gücləndirilməsi əsas şərtlərdən biridr. Qeyd etmək lazımdır ki, Avropa Komissiyası (AK) Ukraynaya Avropa İttifaqına üzv namizəd statusunun verilməsini rəsmən tövsiyə edib. Oxşar tövsiyə Gürcüstan üçün edilməsə də, Moldova üçün də edilib. Yekun qərarı Aİ Şurası verəcək, lakin Ukrayna prezidenti Vladimir Zelenski artıq Avropa Komisisyasının nəticələrini tarixi adlandırıb.
Namizəd statusu Ukraynaya nə verəcək?
Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müşaviri İvan Nagornyakın fikrincə, bu, güclü siyasi qərardır. Belə ki, əgər qərar qəbul edilərsə, Ukrayna Aİ-nin tamhüquqlu üzvü olmaq üçün konkret tövsiyələr alacaq, Aİ-a daxil olmaq proseduru başlayacaq, Ukrayna yeni siyasi müstəviyə keçəcək. Əslində bu, Aİ-nin Avropaya inteqrasiya niyyətlərini qəbul etməyə hazırlığını möhkəmləndirəcək.
"Bu, siyasi qərardır. Hesab edirəm ki, biz Avropa Komissiyasından müsbət qərar alacağıq. Amma bu, həm də bunu etməyin məqsədəuyğun olub-olmamasına hələ də şübhə edən üzv ölkələrə bir siqnaldır”,- deyə Nagornyak bildirib.
Qeyd edək ki, bir neçə həftə əvvəl Aİ Ukraynaya namizəd statusunun verilməməsi, belə statusun əldə edilməsi üçün yalnız tövsiyələrin səsləndirilməsi variantını ciddi şəkildə müzakirə edirdi. Amma fakt odur ki, heç bir namizəd Aİ-yə üzvlük meyarlarına cavab vermir. Məhz buna görə də hansısa ölkə rəsmi namizəd olduqdan dərhal sonra onun üçün üzvlük meyarları hazırlanmağa başlayır. Xatırladaq ki, bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Ukrayna əlavə şərtlər olmadan Aİ-yə namizəd statusunu alacaq. Bununla belə, Aİ-yə daxil olmaq üçün birlik bir sıra şərtlər irəli sürəcək.
Lakin həmin şərtlərin nədən ibarət olacağı hələlik məlum deyil. O qeyd edib ki, hazırda Ukrayna üçün əsas olan müharibədə qalib gəlməkdir. Avropa İttifaqına daxil olmaq üçün şərtlər sonradan formalaşacaq.
Qeyd edək ki, Rusiya Ukraynanın Avropa strukturları və NATO-ya inteqrasiyasına etiraz edir və cavab verəcəyi ilə hədələyir.
İlahin, Bizimyol.info