Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstan Rusiyadan uzaqlaşır: ABŞ islahatlara dəstəyini açıqlayıb
Qazaxıstan Rusiyadan uzaqlaşır: ABŞ islahatlara dəstəyini açıqlayıb

ABŞ Qazaxıstan prezidenti Kasım-Comart Tokayevin siyasi modernləşmə və insan hüquqlarının müdafiəsi sahələrində islahatlarını dəstəkləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin insan haqları və demokratiya məsələlərinə nəzarət edən müavini Uzra Zeyanın respublika başçısının beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxana məktubunda deyilir.

“Birləşmiş Ştatlar Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin siyasi modernləşdirmə və insan hüquqlarının müdafiəsi sistemində apardığı islahatları tam dəstəkləyir. Həmçinin iyunun 5-də keçirilmiş referendumu bu islahatların həyata keçirilməsində növbəti addım kimi qiymətləndirir", - Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bazar ertəsi Zeyanın məktubundan sitat gətirib.

Onun sözlərinə görə, Amerika tərəfi Qazaxıstana dövlət idarəetmə sisteminin çətin demokratikləşməsi yolunda, müstəqil vətəndaş cəmiyyətinin açıq və qəbuledilən institutların yaradılmasında, habelə insan hüquqlarının müdafiəsi sferasının gücləndirilməsində kömək etməyə həmişə hazırdır.

Məktubda həmçinin qeyd edilir ki, ABŞ sülhsevər, sabit, firavan və demokratik Qazaxıstana sadiqdir. Bundan əlavə, sənəddə demokratik, məsuliyyətli və hesabatlı dövlət idarəçiliyi yolunda respublikanın konkret nailiyyətlərinin müzakirəsi üçün dialoqun davam etdiriləcəyinə ümid ifadə olunur.

İyunun 5-də Qazaxıstanda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib və bunu vətəndaşların 77 faizdən çoxu dəstəkləyib. Dəyişikliklərə uyğun olaraq, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəlik orqanlarının rolu əhəmiyyətli dərəcədə gücləndirilir, insan hüquqları sahəsi sistemli şəkildə gücləndirilir. Konstitusiya Məhkəməsi yenidən yaradılır, ölüm hökmü qəti şəkildə ləğv edilir və ilk prezident Nursultan Nazarbayevin statusu ilə bağlı müddəalar ləğv edilib.

Xatırladaq ki, Tolayev Qazaxıstanda etirazların yatırılması üçün KTMT (reallıqda Rusiya) ordusunu dəvət edəndən sonra imici kəskin şəkildə korlanmışdı. Amma ardınca Tokayev bir sıra islahatlara start verdi. Həmçinin bu günlərdə Tokayev Rusiyanın Ukraynadan qoparmaq istədiyi ərazilərin müstəqilliyini tanımadığını bəyan etdi. Rusiya cavab olaraq Qazaxıstan neftinin nəqlini dayandırsa da, Tokyaev islahat yolunu davam etdirir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »