Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq deputatın cəzası azaldıldı
Apellyasiya Məhkəməsi Dünyamin Xəlilovun həbs müddəti 13 ildən 12 il 9 aya endirilib

Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Dünyamin Xəlilov və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Dünyamin Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Mənsur Zeynalovun cəzasının 4 il 6 aya endirilməsi barədə qərar qəbul edilib. Digər təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. İbtidai istintaq və məhkəmə istintaqı zamanı zamində olan Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Mənsur Zeynalov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib.

Şakir Musayev, Rauf Əliyev və Ruslan Əsgərov 4 il müddətinə şərti cəza alıb.

Bundan başqa, digər təqsirləndirilənlərlə birgə Dünyamin Xəlilovdan fərdi və müştərək qaydada 50 milyon manatdan çox vəsaitin tutularaq dövlət hesabına keçirilməsinə qərar verilib.

Hökmdən narazı qalan Dünyamin Xəlilov və digər təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İttihama görə, Dünyamin Xəlilov dostu Cahangir Hacıyevin sədr olduğu Beynəlxalq Bankın pullarını “Səbail Mebel” ASC, “Aqora” MMC, “Kondor Group” MMC və digər şirkətlərin adlarına kredit kimi rəsmiləşdirib, daha sonra həmin pulları Panamada qeydiyyatdan keçmiş “Oceanstream İnc” ofşor şirkəti üzərindən ölkədən çıxarıb.

Təqsirləndirilən D.Xəlilov, Ş.Musayev və S.Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin - 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.

Bundan başqa, cinayət işində qeyd edilib ki, D.Xəlilov, M.Zeynalov, F.Əmiraslanov, Ş.Musayev, R.Əsgərov və Rauf Əliyev "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.

Yada salaq ki, D.Xəlilovun adı Beynəlxalq Bankın keçmiş rəhbəri, 2016-cı ilin oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və s. cinayətlərdə təqsirli bilinətək 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin məhkəməsində də tez-tez hallanırdı.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »