Slovakiyanın müdafiə naziri Yaroslav Nagy şənbə günü Praqaya səfəri zamanı, Slovakiyanın hava məkanının qorunması ilə bağlı növbəti iki il ərzində köməyindən istifadə etmək xahişi ilə Çex Respublikasına müraciət edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "ČTK" xəbər agentliyi məlumat yayıb.
Fevralın 24-dən sonra Slovakiya "MiQ-29" qırıcılarının milli Hərbi Hava Qüvvələrindən vaxtından əvvəl çıxarılması prosesinə başlayıb. Respublika mətbuatı daha əvvəl məlumat vermişdi ki, Bratislava onları Ukraynaya keçirmək imkanını nəzərdən keçirir.
Slovakiya 4 il əvvəl ABŞ-dan 14 ədəd "F-16" qırıcısı sifariş edib. İlk təyyarə bu il alınmalı idi, lakin onların istehsalı üçün lazım olan elektron komponentlərin olmaması səbəbindən tədarüklər iki il gecikdi. Bununla əlaqədar Bratislava Çexiyaya, daha əvvəl isə Polşaya müraciət edərək, Slovakiyanın hava məkanının bu ölkələrin hərbi-hava qüvvələrinin qırıcıları tərəfindən müvəqqəti mühafizəsini təmin etmək xahişi ilə müraciət edib. Varşava ilə artıq bununla bağlı ilkin razılıq əldə edilib.
Agentliyin məlumatına görə, Slovakiyanın hava məkanının mühafizəsi üçün xüsusi şərtlərlə bağlı Polşa ilə danışıqlar ekspertlər səviyyəsində aparılır. İndi eyni danışıqlar Slovakiya ilə Çex Respublikası arasında da başlayacağı gözlənilir.
Polşanın müdafiə naziri Mariuş Blaşçak aprel ayında Polşa Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların Slovakiyada müvəqqəti yerləşdirilməsi variantını istisna etmədiyini bildirib.
Rusiyanın Ukraynaya hücumu hərbi təminatı zəif olan Avropa ölkələrinin həyəcanlanmasına səbəb olub. İndi hər bir dövlət ərazilərinin Kremldən gələcək təhlükədən xilas etmək barədə düşünür. Çunki rəsmi Moskvanın nə vaxt, hansı addımı atacağını proqnozlaşdırmaq çətindir.
Qadir, Bizimyol.info