"NATO təhlükəsizlik təşkilatıdır. Bu, yeni üzvlərin prinsiplərə riayət etməsi seçim deyil, zərurətdir"
Bizimyol.info xəbər verir ki, Prezidentin sözçüsü İbrahim Kalın İsveç və Finlandiyanın NATO-ya müraciəti ilə bağlı Brüssel toplantısı öncəsi açıqlama verib.
İbrahim Kalın: "NATO bir təhlükəsizlik təşkilatıdır. Bu, yeni üzvlərin prinsiplərə riayət etmələri üçün bir seçim deyil, zərurətdir. Bizim təhlükəsizliklə bağlı narahatlıqlarımızı həll etmək üçün konkret addımlar atmalıdırlar",- deyə bildirib.
Dünən prezidentin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önalın İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti üzərində işləmək üçün bazar günü Brüsselə gedəcəkləri açıqlanıb.
Rusiyanın Ukraynaya hücumlarından sonra Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv olmaq tələbinə qarşı çıxması ilə bağlı üç ölkə arasında danışıqlar başlayıb. NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya prezidenti Sauli Niinisto ilə görüşdən sonra mövzu ilə bağlı açıqlama verib.
Türkiyənin təhlükəsizlik narahatlıqlarının qanuni olduğunu bildirən Stoltenberq: “Etiraf etməliyik ki, heç bir NATO müttəfiqi Türkiyədən daha çox terror hücumu ilə üzləşməyib”, - deyə qeyd edib.
Türkiyənin İŞİD terror təşkilatı ilə mübarizədə mühüm rol oynadığını vurğulayan Stoltenberq: "Türkiyə Ukraynanın dəstəklənməsində və saxlanılan buğdanın ixracında mühüm rol oynayır. Ona görə də belə bir həyati əhəmiyyətli müttəfiq terrorla bağlı narahatlıqlarını paylaşdıqda, biz bunu qəbul etməliyik. Bu, ciddidir məsələdir. Və biz məhz belə edirik. Finlandiya və İsveçin bu məsələləri müzakirə etməyə hazır olduqlarına dair aydın mesajını alqışlayıram", - deyib
Finlandiya prezidenti Niinistö, Türkiyə ilə aparılan danışıqlarda hər hansı irəliləyiş olub-olmaması sualına belə cavab verib: “İrəliləyiş dialoq kanallarımızın açılması və danışıqların davam etdirilməsi kimi qiymətləndirilə bilər”,- deyə qeyd edib.
Finlandiya prezidenti bildirib ki, ölkəsində Türkiyəni narahat edən səbəblərlə bağlı digər NATO ölkələrindən fərqli münasibəti yoxdur və bu baxımdan onların nəyi hədəfə alındığını anlamaq onun üçün çətindir.
Qadir, Bizimyol.info