Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev avqustda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bərpa olunacağı təqdirdə “kiminləsə danışmaq üçün bir mövzunun olacağına” şübhə ilə yanaşıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Medvedev şənbə günü Telegram kanalında yazıb.
Bundan əvvəl Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamia danışıqların bərpasının mümkünlüyünü açıqlamışdı. "Ukraynadan olan baş müzakirəçi avqustun sonundan Rusiya ilə danışıqları bərpa etməyi mümkün hesab edir. Bu mümkündür və belə də olmalıdır. Amma məsələ onların nəyi və kiminlə danışacağı barədədir",- deyə Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.
Xüsusilə, Araxamiyanın fikrincə, Ukrayna tərəfinin bəzi bölgələrdə əks-hücum əməliyyatına başlaması ehtimalından sonra Kiyev avqustun sonuna kimi Moskva ilə danışıqlara qayıda bilər. Siyasətçi onu da vurğulayıb ki, Ukrayna ərazi itirilməsini qəbul etməyəcək, bu, hüquqi baxımdan mümkün deyil. Eyni zamanda, o, əlavə edib ki, İstanbulda təklif edilənə bənzər siyasi razılaşmanı nəzərdən keçirmək mümkündür.
Fevralın 28-dən Rusiya-Ukrayna danışıqları davam edir. Belarusda bir sıra görüşlər baş tutub, daha sonra tərəflər videobağlantı vasitəsilə əlaqə saxlamağa davam ediblər.
Martın sonunda İstanbulda üzbəüz danışıqlar raundu baş tutub. Aprel ayında Rusiya prezidenti Vladimir Putin jurnalistlərə demişdi ki, Kiyev Türkiyədəki danışıqlarda əldə olunan razılaşmalardan uzaqlaşaraq bu prosesi dayandırıb.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov daha sonra bildirib ki, Moskva aydın dildə olan sazişlər haqqında sənəd layihəsini Kiyevə təhvil verib və cavab gözləyir.
Eyni zamanda, Rusiya tərəfi danışıqların dondurulmasının tamamilə Ukraynanın təşəbbüsü olduğunu vurğulayıb.
Qadir, Bizimyol.info