Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın bundan sonra əvvəlki sərhədləri daxilində olmayacağını bildirib.
Bizimyol.info xəbər verir ki, bunu Mariya Zaxarova cümə günü Telegram kanalında dərc olunan "Sky News Arabia"ya müsahibəsində deyib.
"Sizin və bizim onun sərhədləri daxilində tanıdığımız, əvvəllər mövcud olan Ukrayna artıq yoxdur və olmayacaq. Bu, göz qabağındadır", - deyə diplomat qeyd edib.

"Bundan əvvəl "Luqansk Xalq Respublikası"nın (LXR) rəhbəri Leonid Paseçnik "LXR"də referendum keçirilə biləcəyini, onun sakinlərinin Rusiya Federasiyasına qoşulmaq barədə fikirlərini bildirəcəyini demişdi. Həmçinin, "Donetsk Xalq Respublikası"nın (DXR) rəhbəri Denis Puşilinin sözlərinə görə, "DXR"in Rusiya Federasiyasına daxil olması ilə bağlı referendumun keçirilməsi məsələsi konstitusiya ilə qəbul edilmiş sərhədləri bərpa etdikdən sonra gündəmdə “bir nömrəli məsələ olacaq” deyib",- deyə XİN-in rəsmi nümayəndəsi bildirib.
"Bundan başqa, Xerson vilayəti martın ortalarından Rusiya tərəfinin nəzarətindədir. Aprelin sonunda orada hərbi-mülki administrasiya yaradıldı, onun nümayəndələri regionun Rusiyanın tərkibinə daxil olmağa çalışdığını dəfələrlə vurğuladılar.
Həmçinin, Zaporojye vilayətində yaradılmış hərbi-mülki administrasiyanın əsas şurasının üzvü Vladimir Roqov məlumat verərək bölgənin Rusiya Federasiyasının bir hissəsi olmaq və Cənub Federal Dairəsinin subyekti olmağa ümid etdiyini söyləyib. O, vilayətin gələcəkdə ayrıca federal dairəyə birləşmə məsələləri müzakirə edilə biləcəyini qeyd edib", - deyə Mariya Zaxarova bildirib.
Qadir, Bizimyol.info
P.S: 2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini işğal edib. Bundan sonra iki ölkə arasında soyuq münasibətlərdə gərginlik daha da artıb . Bu il fevralın 24-də prezident Vladimir Putinin qərarı ilə rus ordusu yenidən Ukrayna ərazisinə hücum edib və ölkə ərazisinin 20 faizə yaxın hissəsi Rusiyanın nəzarətinə keçib. Dörd aya yaxındır ki, müharibə davam edir.