Norveç Rusiya və Putin rejiminə qarşı yeni sanksiyalar paketi təqdim edib. Xüsusilə, Oslo Rusiyadan ölkəyə xam neft və digər neft məhsullarının idxalına qadağa qoyub.
Bizimyol.info xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Biz ölkə hakimiyyətinə və onun elitasına təzyiqi davam etdirmək üçün Aİ-ni Rusiyaya qarşı sanksiyalarda dəstəkləyirik. İndi biz Rusiyadan Norveçə dəniz yolu ilə daşınan neftin idxalını qadağan edirik", - xarici işlər naziri Anniken Huitfeldt bildirib.
Nazirlik qeyd edib ki, Rusiya Federasiyasından xam neft və digər neft məhsullarının idxalına qadağa dərhal qüvvəyə minir, lakin məhdudiyyətlər xam neft üçün 2022-ci il dekabrın 5-dək, neft məhsulları üçün isə 5 fevral 2023-cü il tarixinədək keçid dövrlərini ehtiva edir.
Neftin alınması, idxalı və ya ötürülməsi ilə bağlı texniki yardım, maliyyələşdirmə və bu kimi halların göstərilməsi də qadağandır. Rusiya neftinin üçüncü ölkələrə daşınması və buna şərait yaradılması qadağandır.
Norveç Xarici İşlər Nazirliyi əlavə edib ki, sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağa yönəlib. Qadğalar Kreml rejiminin əsas tərəfdarlarına qarşı tətbiq edilir.
Bu dəfəki sanksiya siyahısına 65 nəfər və 18 şirkət daxildir. Onların arasında Buça və Mariupoldakı vəhşiliklərə görə məsuliyyət daşıyan ruslar, iş adamları və oliqarxların eləcə də dövlət qulluqçularının ailə üzvləri, bir neçə müdafiə sənayesi şirkəti həmçinin maliyyə institutları var. Xüsusilə, üç Rusiya bankı "Swift" ödəniş sistemindən - Sberbank, Moskva Kredit Bankı və Rusiya Aqrobankından ayrılacaq.
Norveç, məsələn, Rusiyanın hərbi və texnoloji imkanlarını artırmağa kömək edə biləcək mallar üçün ixraca nəzarət qadağalarını genişləndirəcək. Buraya kimyəvi silahların hazırlanmasında istifadə oluna bilən 80 kimyəvi maddə daxildir.
Hüquqi şəxslərə və ya Rusiya hökumətinə audit və mühasibat uçotu, maliyyə məsləhətləri və sair kimi bir sıra xidmətlərin göstərilməsi də qadağan olunur.
"Sanksiyalar bir neçə raundda intensivləşib. Neft idxalına qadağa, bir neçə iri bankın fəaliyyətinin məhdudlaşdırılması və Rusiyanın hərbi potensialına təsir edə biləcək bir sıra digər malların qadağan edilməsini nəzərə alsaq, Rusiya ilə ticarət imkanları çox dardır", - Xarici Nazir vurğulayır.
Qadir, Bizimyol.info