Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nərmin oğurlanmamışdan əvvəl atası anasını bıçaqlamaq istəyib"
"Nərmin oğurlanmamışdan əvvəl atası anasını bıçaqlamaq istəyib"

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyeva itkin düşməmişdən bir müddət əvvəl onun atası anasını bıçaqlamaq istəyib. Bu barədə uşağın nənəsi Minayə İsmayılova ifadəsində bildirib.

Bizimyol.info xəbər verir ki, Minayə İsmayılova istintaq dövründə ifadə versə də, onun adı məhkəmədə dindirilən ittiham tərəfinin şahidləri siyahısına daxil edilməyib. Hərçənd, təqsirləndirilən İlkin Süleymanovun vəkilləri Minayə İsmayılovanın məhkəməyə də çağırılıb dindirilməsini tələb edirdi. Hakim Dadaş İmanov onu dindirməkdən imtina edib.

Lakin məhkəmədə onun istintaqdakı ifadəsi elan edilib. Minayə İsmayılova bildirib ki, kürəkəninin anası Leybə Quliyeva ilə münasibətləri yaxşı deyil. Çünki qızı Aynurəni qayınanası Leybə Quliyeva iki uşağıyla (Şəbnəm və Nərmin) birlikdə evdən çıxarmışdı. Onda hələ Aynurə İsmayılovanın üçüncü qızı Şəhanə doğulmamışdı. "Onlar mənim evimdə qalanda Şəhanə dünyaya gəldi. Bir müddət mənim evimdə, bir müddət kirayə qaldılar. Sonradan mənim də dəstəyimlə ev tikib köçdülər. Bu hərəkətinə görə Leybə ilə danışmırdım”, - Minayə İsmayılova bildirib.

O da məlum olub ki, Minayə İsmayılova istintaqda dindirilərkən öz qızı Aynurə İsmayılova ilə də küsülü olub. Səbəbini isə belə izah edib: “Səbəb telekanallarda danışanda qaynı Lətifin adını çəkməyim olub. Mən uşağın oğurlanmasında əmisi Lətifdən şübhələndiyimi demişəm”. Nərmin sonuncu dəfə əmisi Lətif Quliyevgildən çıxıb və itkin düşüb. Nənəsi bildirib ki, uşağı sonuncu dəfə itkin düşməmişdən 7-8 gün əvvəl görmüşdü.

Hadisə günü haqda danışan Minayə İsmayılova bildirib ki, uşaq itkin düşdüyü gün – 21 noyabr 2019-cu ildə saat 19.00 radələrində Nərminin böyük bacısı Şəbnəm onun evinə gəlib. Şəbnəm nənəsindən bacısının onlara gəlib-gəlmədiyini soruşub. Nənəsi isə Nərminin onlarda olmadığını deyib və Şəbnəm çıxıb gedib.

Uşağın atası Şərif Quliyev isə özü dindiriləndə demişdi ki, qayınanasıgilə özü gedib, həm də axşam saat 21.30 radələrində. Şərif Quliyevə vəkillər bildirib ki, bu məsələdə onun dediklərilə qayınanasının ifadəsi arasında ziddiyyət var.

Minayə İsmayılovanın iş materiallarında daha bir ifadəsi var. Həmin ifadədə isə o bildirib ki, qızı Aynurə kafedə işləyirdi. Hadisədən bir müddət əvvəl kürəkəni Şərif Quliyev sərxoş vəziyyətdə Aynurə İsmayılovanın işlədiyi kafeyə gələrək onu bıçaqlamaq istəyib: "Mən Qovlar qəsəbəsində işdə olanda qızım Aynurə zəng eləyib dedi ki, əri Şərif içkili vəziyyətdə onun işlədiyi kafeyə gəlib, ona bıçaqla hücum edib, hədələyib. Səbəbi barədə mənə heç nə demədi. Məndən tez ora gəlməyimi istədi. Taksi ilə ora getdim. Onda Şərifi olimpiya kompleksinin qarşısında gördüm, onu çağırsam da, qulaq asmadı, getdi. Aynurə ilə polis şöbəsinə getdik, məlumat verdik...”

Onlar bir neçə gün sonra yenidən polis şöbəsinə gediblər. Bu dəfə isə qızı əri ilə barışdığını bildirib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »