Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çürüyən" Qərb, Saltıkov-Şedrinin aforizmi və trollokratiyanın "eyforizmi"...
"Çürüyən" Qərb, Saltıkov-Şedrinin aforizmi və trollokratiyanın "eyforizmi"...

Sovet dövründə belə bir qara yumor dəbdəydi: bəlkə Amerikaya müharibə elan edib, hamılıqla əsir düşək. O zaman orta humanitar fənnlərin tarix, fəlsəfə, hətta... coğrafiya dərsliklərində belə "Qərb imperializminin çürüməsi" haqda geniş yazılırdı. Təbliğat maşını gecə-gündüz dayanmadan çalışırdı; "beyinlərin yuyulması"üçün böyük büdcələr ayrılırdı. Bunun qarşılığında başlıca tezisə baxın: "Qərb çürüyüb".

Bir rus yomoristi də belə yazmışdı: "Mən də az da olsa, elə o cür "cürümək" istəyirəm".

Ötən əsrin 91-ci ilində məlum oldu, kim çürüyüb, kim yox?! Sovet İttifaqı adlı İmperiya özü dağıldı və ayağı yer tutan gedib o "çürüyən" Qərbi görüb gəldi. Bir çoxları, ümumiyyətlə, çıxıb getdi həmin o Qərbdə özü üçün bala-bala "cürüməyə". Elə cənubdakı molla rejimindən qaçıb da "Böyük Şeytan"ın isti ucağında və "Qoca Qitə"nin künc-bucağında xoşbəxtcəsinə "çürüyən" xeyli İranlı var.

Bu arada düşündüm ki, ruslar bundan sonra Ukraynada daha çox əsir düşər. Hətta bəlkə tanka oturub gedib Moldovaya da gedərlər... "Ağ bayraq" qaldırmağa.

Niyəsi?!

İndiyədək (elə bundan sonra da) Ukrayna çöllərində əsir düşən rus əsgərinin qarşısında bu ölkədən sığınacaq, ardınca da vətəndaşlıq almaq, sonra da Ukrayna ilə birlikdə Avropa İttifaqına qoşulmaq perspektivi açılır. Avropa Komissiyası Ukraynanın və Moldovanın Avropa İttifaqı üzvlüyünə namizəd göstərilməsini dəstəkləyib.

Hə, deyəcəksiniz ki, "xristian klubu"dur da! 80 milyonluq Türkiyəni yarım əsrdən çox qapı arxasında gözlədənlər, məsələn, bapbalaca Sloveniyanı çoxdan qəbul ediblər. Serbiyanın tərkibində müsəlman Kosova vardı, onu ayırıb müstəqil eldilər ki, xristian serbləri "klub"a buraxa bilsinlər.

Sloveniyanın, xüsusilə, Serbiyanın bir yönü var hələ, bəs Moldovanın nəyi və harası Avropaya xoş gəlib ki...

Demokratiyası! Və... "Avrasiya zülməti"ndən işığa can atmaları.

Bu, "xristian klubu"dursa, Gürcüstana niyə "yox" dedilər?!" deyə alnını ovuşduranlara tutarlı cavabdır Moldova. Gürcüstan öz tərifli demokratiyasından rusbaşlı "İvanaşvili avantürası"na yuvarlanandan sonra gözdən düşdü-düşəcək. Ölkəni demokratiya yoluna çıxarmış reformist prezidentini öz türməsində çürüdən komformist rejim halınamı gəldi Gürcüstan, ya nə?! Üstəlik də Ukrayna tematikasında bol-bol nala-mıxa vurdusa...

Bu da nəticəsi! Gürcülərin Avropa ailəsinə qovuşmaq arzusu ürəyində qaldı hələ ki. "Gürcü Arzusu" budursa, olmaz olsun deyənlər az deyil qonşu məmləkətdə. Özümüzdən heç danışmayaq; bizi Avropa İttifaqı gözləmir. Sözün həm daxili, həm xarici mənalarında!

Bu dərin təəssüf milli təəssübdən doğar, təbii. Niyəsi də bəlli: Avropa ola bilmirsənsə, avtomatik Asiya olaraq qalırsan. Asiyansa, ya Rusiya olub başını NATO divarına çırpacaqsan, ya alnını yerə sürtüb İran olacaqsan, ya da ən yaxşı halda Pakistan-filan olarsan... Allah Əfqanıstan olmağı göstərməsin bizə! Çünki hələ Sovetlərin boyunduruğundaykən biz Əfqanıstan olmağın, daha doğrusu, Əfqanıstanda olmağın nə demək olduğunu öz canımızda, QANımızda hiss etmişik (Bu arada Niderland "geyparad"larından diksinənlər bir də dönüb Əfqanıstandakı uşaqbazlığın miqyas ölçüsünə baxsın! Brüsselin "Qırmızı fonar"ına görə Avropanın üzünü qızardanlar həmin o Əfqanıstanda 9-10 yaşlı qızların 60-70 yaşlı kişilərə üçüncü, beşinci, Allah bilir, daha neçənci zövcəliyə satılmasına da üz bozartsınlar, görək...)

Bilirsiniz, məişət mədəniyyətinin (mədəniyyətsizliyinin) iyrənc reallıqları hər yerdə var - Qərbdə də, Şərqdə, Şimalda da, Cənubda da. Biz özümüz zamanında Avropaya inteqrasiyadan bu arqumentlərlə imtina etmişik. Demişik: "Biz hara qoşulaq? Kişinin kişi ilə, qadının qadınla evləndiyi bir yerəmi?!"

Düz məntiqə görə doğru da demişik; bizim mentallığımız bizə sözün bütün mənalarında yad olan bu ənənələri qəbul etmir. Bizim nə fərdi mənəvi "mədə"miz, nə də ictimai MƏDƏniyyətimiz bunu həzm edə bilməz. Olsa-olsa, bu meyllərə psixoloji, hətta psixi və ya ən azı fizioloji sapıntılar kimi baxarıq və baxırıq da.

Ancaq kim deyir ki, Qərbin ancaq belə "qəribəlik"lərinə inteqrasiya edək?! Qərbin proqressiv öncüllükləri var; azad seçki sistemləri var. Qərbin müstəqil məhkəməsi var. Qərbin çoxsəsli parlamentarizm ənənələri var. Fikir azadlıqları var. Sivil insan indeksi ölçüləri var... Çox şey var.

Ona qalsa, şimala baxsaq, aqressiv militarizm görərik, velikorus şovinizmi, nə bilim, hər cür başqa zərərli "-izm" görərik.

Rusiya uşaq fahişəliyinə görə dünyada birinci yerdədir, bilirdinizmi?! Alkoqolizmdən danışsam, kimsə təəccüblənməz. Narkomanlıq! Dəhşətli miqyaslarda. Cənuba baxsaq, elə həmin o "ağ ölüm"ün ən iri yarımgizli ixracatçılarından biri.

...Tənqidi realizmin öncülü Mixail Saltıkov-Şedrini xatırlayırsınız! 19-cu yüzildə proqressiv rus ədəbi-ictimai fikrinin azmanlarındandı. Sözünə görə özü məhbəs yaşayanlardan. Bax, o böyük rus mütəfəkkiri deyirdi ki, üç yüz il sonra da dönüb Rusiyaya baxsanız, görəcəksiniz ki, talayırlar və oğurlayırlar.

Saltıkov Şedrinin bu fikri deməyindən az qala 200 ilə yaxın vaxt keçir. Aktualdır! Bu gedişlə hələ əsrlərlə də aktual olacaq.

Və ən pisi Rusiya ətrafındakıları da özünə oxşadır. Başqa xalqlara imkan vermir, bu gerilikçi təfəkkürdən yenilikçi təxəyyülə, bu dağıdıcı zehniyyətdən yaradıcı mədəniyyətə keçsin. O cümlədən də, siyasi mədəniyyətə. Nəticədə bütöv-bütöv ölkələrdə siyasət özü erroziyaya uğrayıb gedib, o da ola siyasətin mədəniyyəti!

Bax, "Avrasiya qaranlığı"ndan qaçmağa qolaylanmış bir zamanların asi Gürcüstanı dönüb də bir balaca Putinizmə sevdalanan kimi özünün sivil dünya xəyalları suya düşdü...

Demokratiyaya könül vermiş biri arada təcavüzçü diktatatora da göz qırpınca, gözdən də uzaq düşər, könüldən də. İndi gəl, gör ki, öz könlündə Putinizmə taxt quranların halı necə olar?! Məsələn, Lukaşenko kimisi!

Avropanın qapısı Gürcüstanın üzünə yəqin, azı hələ bir müddət qapandı deyə kədərləndim və bu, sizi təəccübləndirir! "Gürcüstanın demokratiyasından bizə nə?!" deyirsiniz və bu da tam doğru bir fikirdir. Hər kəsin demokratiyası da özünə, antidemokratiyası da. Ancaq Gürcüstan həm də bizim üçün bir güzgüdür; bizi Avropada göstərən (daha doğrusu, göstərməyən) güzgü! Biz Gürcüstanın bugünkü halına baxanda özümüzü Avropadan daha uzaqda görmürükmü?!

Qərbə inteqrasiya etməyəcəyiksə, kiminlə qalırıq: şimaldakı avtoritarla, cənubdakı klerikalla?! Kiminlə?!

"Biz hara inteqrasiya edək?!" kimi çox düşündürücü - strateji sual bir zaman səslənmişdi və çox dartışılmışdı. Ancaq əsas sual başqadır: biz hara inteqrasiya etməyək?!

Bir az Qərblə dialoqumuz aktivləşən kimi artıq şimaldan Lavrov antidiplomatiyası Fərrux dağına "dırmaşır", cənubdan mollakratiya buynuz göstərir: müstəqil Azərbaycanda polisi "qara paltarlı qadın" şərləməsinə hədəf seçməkdən tutmuş, Təbrizdə - konsulluğumuza həqarətə və dövlət bayrağımızı yandırmaq kimi avantürist cəsarətə qədər...

"Biz hara inteqrasiya edək?!" sualı bu kontekstdə də aktuallaşmağa "məcbur olur". Hələ sərhədlərinə yaxınlaşanı nüvə silahı ilə hədələyənlər, eləcə də, nüvə silahı düzəltməklə hədələyənlər nədən Azərbaycan kimi neytralın iç işlərinə qarışır?! Yaxın Şərqdə burunları ovulanda Uzaq Qərbin qarşısında "ağ bayraq" qaldıran o məlum mollakratiyanın trollakratiyası mənim şəhərimin meydanında "qara bayraq asır". Nə iş?!

Bahəddin Həzi,

bizimyol.info

17 iyun 2022

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »