Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail: "Türkiyəyə səyahət xəbərdarlığı davam edəcək"
İsrail: "Türkiyəyə səyahət xəbərdarlığı davam edəcək"

İranın bəzi yüksək səviyyəli rəsmilərinin öldürülməsindən sonra Tehran-Təl-Əviv xəttində gərginlik artarkən, İsrail rəhbərliyinin ötən həftə öz vətəndaşlarına “Türkiyəyə getməyin, İran tərəfindən öldürülə bilərsiniz” çağırışının əks-sədaları davam edir.

Bizimyol.info xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun yüksək səviyyəli simalarından olan polkovnik Həsən Seyid Xodainin ötən ay evinin qarşısında silahlı hücumda həlak olmasından sonra İsrail rəhbərliyi İranın mümkün hücumlarına görə vətəndaşlarına Türkiyəyə getməmələri barədə xəbərdarlıq edib. İsrailin xarici işlər naziri Yair Lapid də bazar ertəsi verdiyi açıqlamada İstanbuldakı vətəndaşlarına "ölkəni dərhal tərk edin" çağırışı edərək, "israilliləri lazım olmadıqca İstanbul və Türkiyəyə getməməyə çağırırıq. İstanbuldasınızsa, dərhal İsrailə qayıdın, İstanbula uçuş planınız varsa, onu ləğv edin. Heç bir səyahət həyatınızdan daha dəyərli deyil",- deyə bildirib.

İsrailin Türkiyəyə səyahət xəbərdarlığına cavab verən Türkiyə Xarici İşlər Nazirliyi , “yuxarıda qeyd olunan xəbərdarlıqların müxtəlif beynəlxalq hadisələrlə əlaqəli olduğu düşünülür. Terrorla mübarizə ilə bağlı əməkdaşlıq mexanizmlərimiz çərçivəsində müvafiq qurumlarımız tərəfindən bütün lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir”,- deyə bildirib.

Nəhayət, İsrail mətbuatı Türkiyəyə səyahət xəbərdarlığının “ölkədəki İran terror yuvası tutulana qədər” davam edəcəyini yazıb. Ölkənin aparıcı media orqanlarından olan “Times of Israel”in xəbərinə görə, İsrail və Türkiyə təhlükəsizlik rəsmiləri hələ də ölkədə olduğu düşünülən İran agentlərini tutmağa və mümkün hücumların qarşısını almağa çalışırlar.

İsrail televiziyası “Kanal 13”də Türkiyədə bir israillinin qaçırıldıqdan sonra qaçmağı bacardığını iddia edib.

Qeyd edək ki, İsrailin Milli Təhlükəsizlik Şurası həftənin əvvəlində İran, Əfqanıstan və Yəmən kimi ölkələr üçün Türkiyəyə səfər xəbərdarlığını ən yüksək səviyyəyə qaldırmışdı. İranın Türkiyədə bəzi İsrail vətəndaşlarına hücum cəhdlərinin qarşısının alındığı iddiası da gündəm olub.

İsrail mətbuatı yazır ki, Türkiyə İranı çox sərt və aydın bir dillə xəbərdar edərək “torpaqlarımızda başqa bir ölkəyə hücuma icazə verməyəcəyik” mesajını verib.

Digər tərəfdən, İsrail hökumətinin “Türkiyəyə getməyin” xəbərdarlığına baxmayaraq, bir çox israilli turistin Türkiyədəki tətilini ləğv etməməsi də ölkədə mübahisələr yaradır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »