Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Mario Draqi və Rumıniya prezidenti Klaus İohannis Ukraynanın paytaxtı Kiyevə səfər ediblər. Zelenski və Makronun lentə alınan görüntüləri tarixi səfərdə iz buraxıb.
Bizimyol.info xəbər verir ki, Ukraynada müharibə tam sürətlə davam edərkən, paytaxt Kiyev Qərb liderlərini qəbul edib. Tarixi səfər Makron və Zelenskinin qucaqlaşdığı anlarla yadda qalıb. Hər fürsətdə vasitəçi roluna can atdığını dilə gətirən Makron “Ukraynanın Rusiya ilə danışıqlar aparmalı olacağını” söyləyib və Vladimir Putinlə danışıqlara çağırıb.
Daha əvvəl Fransanın rolunu “vasitəçi güc” olaraq xarakterizə edən və “müharibə bitən gün diplomatik kanallarla çıxış yolu qura bilmək üçün Rusiyanı aşağılamamalıyıq”,- deyə bildirən Makron, bu açıqlamasına görə, reaksiyalara səbəb olmuşdu. Görünür, Makron ritorikasını dəyişib. Makron bu səfəri zamanı açıqlamasında isə “Ukrayna müharibədə qalib gəlməlidir” ifadəsini də işlədib.
Xarici media yazır ki, Makronun bu sözləri deyəsən, Zelenskini qane etməyib. Əvvəlki açıqlamaları ilə Kiyevin reaksiyasını çəkən Makron Zelenski tərəfindən birmənalı qarşılanmayıb. Çünki iki lider qucaqlaşarkən Zelenskinin küt sifəti obyektivlərdə əks olunub.
Qeyd edək ki, digər tərəfdən, Qərb liderləri birgə bəyanatda Ukraynanın Avropa Birliyinə üzvlüyünə dəstək mesajları verib və Ukraynanın "təcili olaraq" namizədlik statusunun verilməsinin lazım olduğunu bildiriblər. Almaniya prezidenti Olaf Şolz "Ukrayna Avropa ailəsinə aiddir" desə də, İttifaqın üzvü olmaq üçün bütün üzvlük kriteriyalarına cavab verməli olduğunu xatırladıb.
Zelenski Rusiyanın davam edən hücumlarını “vahid Avropaya qarşı müharibə” adlandırıb və birliyin ən təsirli silah olduğunu deyib. Ukrayna lideri Qərbdən daha çox ağır silahlar tələb etdiyini də təkrarlayıb.
Xatırladaq ki, Rusiya bəyan edir ki, Ukrayna NATO-ya üzv olmamalı və neytrallığını qorumalıdır. 2014-cü ildə işğal olunmuş Krımın Rusiyanın tərkibində tanınmasını tələb edən Moskva Donetsk və Luqansk xalq respublikalarına da müstəqillik verilməsini istəyir.
"Ukrayna Rusiya üçün təhlükə yaradan silahlardan təmizlənməlidir" deyən Moskva rus dilinin Ukraynada ikinci dil kimi tanınmasını istəyir və ölkədə rus dilinin istifadəsini məhdudlaşdıran qanunların ləğvini tələb edir.
Leyla, Bizimyol.info