Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın raketlərində ABŞ istehsalı olan çiplər aşkarlanıb
Rusiyanın raketlərində ABŞ istehsalı olan çiplər aşkarlanıb

Ukraynada hərbi əməliyyatların aparıldığı yerdə tapılan Rusiya raketləri və hərbi texnikasının qalıqlarında ABŞ istehsalı olan kompüter çipləri aşkar edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Washington Post" yazıb. FTB agentləri artıq ABŞ texnologiya şirkətlərini onların çiplərinin ora necə düşməsi ilə bağlı araşdırmağa başlayıblar. Qeyd edilib ki, FTB ilə yanaşı, Amerika məhsullarının ixracına nəzarət edən Ticarət Departamenti də araşdırma aparır.

Məlumata görə, Ukraynada Amerika kompüter çipləri Rusiyanın radar sistemlərində, dronlarda, tanklarda, yerüstü avadanlıqlarda və sahil gəmilərində aşkar edilib. Luqansk vilayətində Rusiyanın iki radar stansiyasında tapılan çiplərin üzərindəki işarələr onların 2019-cu ildə istehsal olunduğunu göstərir. Martın 29-da Nikolayevə atılan raketin qalıqlarının üzərində isə 2017-2020-ci illər arasında Qərb şirkətləri tərəfindən istehsal edilən digər çip dəsti olub.

Fevralın 24-də Rusiyanın hücumunun ilk günündə Ukraynanın mərkəzinə düşən raketin qalıqlarında 2013-2018-ci illər arasında istehsal olunmuş Qərb istehsalı olan mikrosxemlər aşkarlanıb. Ukrayna, İngiltərə və digər ölkələrin kəşfiyyat agentlikləri Ukraynada Rusiya hərbi texnikasında çoxlu Qərb elektronikasının tapıldığını bildirdikləri zaman FTB araşdırmağa başlayıb.

"Hansı komponentlərin araşdırıldığı bəlli olmasa da, müxtəlif ölkələrdən olan müstəntiqlər Ukraynada tapılan Rusiya silahlarında Qərb elektronikası aşkar ediblər. Bu komponentlərin çoxu illər əvvəl, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra ABŞ ixrac məhdudiyyətlərini sərtləşdirməmişdən əvvəl istehsal edilib. Amma Londonda yerləşən Conflict Armament Research (CAR) tədqiqat qrupuna görə, elələri var ki, onlar yalnız 2020-ci ildə hazırlanıb”,- “The Washington Post” yazır.

"Məqsədimiz çipin bu silah sisteminə necə daxil olduğunu araşdırmaqdır”,- deyə Ticarət Departamentinin nümayəndələrindən biri bildirib.

Qeyd olunur ki, uzun illər ABŞ hökumətinin icazəsinə ehtiyac olmadan şirkətlərin Rusiya ordusuna əsas kompüter çiplərini qanuni şəkildə satması mümkün olub. Buna görə də qeyri-qanuni satışları müəyyən etmək üçün çipin növünü və satış tarixini müəyyən etmək lazımdır.

Bununla belə, əməliyyatları izləmək çətin ola bilər, çünki elektron komponentlər son istifadəçiyə çatmazdan əvvəl çox vaxt paylama zəncirindən keçir. "Rusiya daha az kompüter çipləri və ya elektronikası istehsal edir. Buna görə də o idxala üstünlük verir. Birləşmiş Ştatlar onilliklər ərzində Rusiyaya hərbi istifadə üçün nəzərdə tutulmuş ən müasir çiplərin və mikrosxemlərin satışını ciddi şəkildə nəzarətdə saxlayıb və ixracatçılardan lisenziya almağı tələb ediblər.

Amma 2014-cü ilə qədər digər elektronika satışı geniş şəkildə məhdudlaşdırılmamışdı. O zaman ABŞ Rusiya ordusuna daha çox çeşiddə çip satmamışdan əvvəl ixracatçılardan lisenziya almağı tələb edirdi. Fevralda Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ və bir çox müttəfiqləri Rusiyaya çip satışını qadağan ediblər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »