Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qeyri-rəsmi işlər üçün 1 milyon dollar saxlanılırdı" - Məhkəmədə heyrətamiz ifadə
"Muğanbank" ASC-nin külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Cavad Cavadov ifadə verib.

C.Cavadov bildirib ki, N.Vəliyev ona yaxşı pul qazanmaq təklifi edib. Buna görə ona 19600 dollar pul verib.

Zərərçəkmiş heç nə qazana bilmədiyini, Novruz Vəliyevin həmin pulu ələ keçirdiyini deyib. O, təqsirləndirilən şəxsdən 19600 dollarını geri tələb edir.

N.Vəliyev isə aldığı puldan C.Cavadova hissə-hissə 14 min manatı qaytardığını deyib.

Daha sonra prosesdə şahid qismində Fərid Quliyev dindirilib. O, "Muğanbank" ASC-nin "Nəsimi" filialında kassir vəzifəsində işləyib. İfadəsində bunları söyləyib:

"Kassir işləyəndə müdirim Natiq Teymurov idi. Kassada həmişə 1 milyon dollar pul saxlanılırdı. Həmin məbləğ qeyri-rəsmi işlər üçün istifadə edilirdi. Müəyyən şəxslərə verilirdi. Onlar da götürdükləri pulun üstündə müəyyən məbləğ də qaytarırdılar. Həmçinin Novruz Vəliyev də belə edirdi. Kassadan bir neçə dəfə pul götürüb. Sonuncu dəfə mənə dedi ki, 60 min manat lazımdır və müdirim Natiq Teymurovun bundan xəbəri var. Mən ancaq müdirimin əmrlərini yerinə yetirmişəm. Novruz pulu istəyəndə müdirə zəng elədim. Amma iclasda olduğu üçün cavab vermədi. Mən də Novruza inandığım üçün, mütəmadi olaraq pul götürdüyünə görə, ona istədiyi məbləği verdim. Dolların həmin vaxt olan kursuna görə, ona 31200 dollar təqdim etdim. Özü də bilir ki, həmin puldan bir qəpik də mənə çatmayıb. Bir müddət keçdi. Həmin məbləği qeyri-rəsmi pulların qeydə alındığı kitabçada qeyd edilib. Ora baxanda gördüm ki, Novruz həmin pulu geri gətirməyib. Bu barədə müdirim Natiq Teymurova məlumat verdim. O isə dedi ki, Novruza pul verilməsindən xəbərsizdir. Onu çağırıb aydınlaşdırmağımızı istədi. Novruz gəlib pulu götürdüyünü təsdiq etdi. Qaytaracağını, indi işlərinin yaxşı olmadığını dedi. Bir neçə gün sonra Novruz gəldi. 7 min dollar verdi. Dedi ki, qalan pulu da həftədə 5 min dollar olmaqla qaytaracaq. Amma müdir razılaşmadı. Bundan sonra ikimizi də baş ofisə çağırdılar. Hədə-qorxu gəlib pulu tələb etdilər. Mən günahsız olduğumu desəm də inanmadılar. Qardaşıma zəng edib onu da hədələdilər. Pulu verməsəm, həbs ediləcəyimi dedilər. Qardaşım evini, maşınını girov qoyacağını dedi. Bizi işdən çıxardılar".

Şahid F.Quliyev deyib ki, qardaşının evini, maşınını və öz maşınını keçmiş müdiri Natiq Teymurovun adına keçirib. Amma razılığa əsasən satılmamalı, bu müddətdə də Novruz Vəliyev pulu qaytarmalı imiş. Buna baxmayaraq, hər iki maşın satılıb.

F.Quliyev deyib ki, hazırda qardaşının evinin geri qaytarılması üçün məhkəməyə müraciət ediblər.

Keçmiş bank əməkdaşı əlavə edib ki, onun barəsində də Cinayət Məcəlləsini 322-ci (özbaşınalıq) maddəsi ilə cinayət işi açılıb.

Məhkəmənin növbəti iclası yanvarın 4-ə təyin edilib.

Qeyd edək ki, N.Vəliyev tanışları - Kənan Nağıyev, Cavad Cavadovun etibarından sui-istifadə edərək, "forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldadıb. Bu yolla həmin şəxslərdən ümumilikdə 332 min 200 manat məbləğində vəsaitini ələ keçirib. İş üzrə zərərçəkmiş şəxs qismində "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.

Barəsində həbs qətimkan tədbiri seçilən N.Vəliyevlə bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

N.Vəliyev məhkəmədə özünü qismən təqsirli bilib. O, zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »