İnvestisiya yolu ilə vətəndaşlıq və yaşayış üçün dövlət proqramlarının hazırlanmasında ixtisaslaşan beynəlxalq konsaltinq şirkəti "Henley & Partners" 2022-ci ildə 2500 varlı insanın İsrailə köçəcəyi ilə bağlı yeni hesabat dərc edib ki, bu da 2019-cu illə müqayisədə 79% çoxdur.
Bizimyol.info İsrail mətbuatına istinadən xəbər verir ki, "Henley & Partners"in “Milyonerlər yenidən hərəkətdədir” başlıqla təqdim etdiyi hesabatında qeyd edilir ki, “özəl kapitalın sunamisi" nəticəsində Rusiya və Ukraynalı oliqarxlar ölkələrini tərk etmək məcburiyyətində qalıblar”. Müəllif Mişa Qlenni “Sərvət Miqrasiyasının Geosiyasəti” adlı əlavə məqaləsində yazır: “Qərbin dağıdıcı sanksiyalarının təsirindən xilas olmaq istəyən varlı ruslar Rusiyanı tərk etməyə, bizneslərini sabit ölkələrə daşımağa başlayıblar”.
İsrail zəngin insanları cəlb edən ilk 10 ölkədə BƏƏ, Avstraliya və Sinqapurdan sonra dördüncü yerdədir, lakin İsveçrə, ABŞ, Portuqaliya, Yunanıstan, Kanada və Yeni Zelandiyanı qabaqlayır.
Zənginlərin xaricə axınının ən çox olduğu on ölkənin antireytinqinə Rusiya, Çin, Hindistan, Honq-Konq, Ukrayna, Braziliya, Böyük Britaniya, Meksika, Səudiyyə Ərəbistanı və İndoneziya daxildir.
Varlıların miqrasiya nisbətləri iqtisadiyyatın sağlamlığının barometridir. Varlı insanlar son dərəcə mobildirlər və onların hərəkətləri ölkədə gələcək tendensiyaların erkən xəbərdarlığı ola bilər. Varlı insanları və onların ailələrini daimi yaşamaq üçün cəlb edən ölkələr aşağı cinayət dərəcələri, rəqabətli vergi dərəcələri və cəlbedici biznes imkanları ilə davamlı olmağa meyllidirlər.
Qeyd edək ki, fevralın 24-də ölkə prezidenti Vladimir Putinin qəbul etdiyi qərara əsasən Rusiya ordusu Ukraynaya hücum edib. Dünyanın əksər dövlətləri Rusiyaya sanksiyalar tətbiq edir. Dövlətlər arasında əlaqələrin kəsilməsi, loqistika problemləri və sairə öz növbəsində biznes mühitinə mənfi təsir edir. İş adamları isə sərvətlərini qorumaq üçün onu daha etibarlı, münbit biznes mühiti olan ölkələrə daşımağa məcbur olurlar.
Qadir, Bizimyol.info