Ukraynanın eks-prezidenti Viktor Yanukoviç “Ləyaqət İnqilabının” qələbəsindən sonra Rusiyaya qaçdığı üçün satqın hesab olunurdu və çox güman ki, öldürülməsi planlaşdırılırdı.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası FTX-nin ehtiyatda olan polkovniki Gennadi Qudkov jurnalist Dmitri Qordona müsahibəsində bildirib. Onun sözlərinə görə, həmin vaxt Yanukoviç az qala Putinin düşməni elan edilmişdi.
"Mənə demişdilər ki, onun öldürülməsi üçün hazırlıq işləri gedir. Xatırlayırsınızmı, bir vaxtlar Rusiya mətbuatında, Rusiya televiziyasında ancaq tənbəllər onun haqqında danışmır, tənqid etmirdi. Bəzi kiçik məmurlar deyirdi ki, “biz onun ağzını cıracağıq”. Uzun sözün qısası, onu hər cür söyüşlə təhqir edirdilər. Kreml ətrafında Putinin adamları qaçışır və qışqırırdılar. Onlar deyirdi ki, "Vitya bizi tərk etdi", "Vitya bizi ruhdan saldı", "Vitya bizə xəyanət etdi".
Və yadınızdadırmı, hər şey bir anda dayandı. Çünki Yanukoviç bağışlandı. Putin qərar verdi ki, Yanukoviç hələ ona lazımdır. Əgər Ukrayna ilə işlər yoluna düşsə, kimi təyin etməlidirlər? Onların etibar etidiyi və indi inandığı kimi legitim heç kim yoxdur”,- deyə Qudkov bildirib.
Onun sözlərinə görə, Ukraynadakı inqilablar Putini qorxuya salıb və o, Yanukoviçin hakimiyyətə gəlməsi üçün əlindən gələni edib. Putin Ukraynanı gələcək “Rusiya imperiyası”nın əsas həlqəsi hesab edirdi.
"Və o, 2004-cü ildə narıncı inqilabdan , Viktor Yuşşenkodan çox narahat idi. Bu, onun üçün çox böyük stress idi. Sonra Rusiyada narıncı inqilabın qarşısını almaq üçün Kremldə ciddi işlər başladı. Bu, əsas vəzifə idi. Orada Vladislav Surkov Ukraynanın Rusiyada Narıncı İnqilab ssenarisinin təkrarlanmasının qarşısını almaq üçün işləyirdi. Bu, onlar üçün çox pis bir şey idi. Çox qıcıqlandırıcı idi. Beləliklə Putin Yanukoviçin hakimiyyətə gəlməsi üçün hər şeyi etdi”,- deyə Qudkov vurğulayıb.
Qudkovun sözlərinə görə, Yanukoviç seçiləndən sonra Rusiya Federasiyası onun rejiminə böyük məbləğlər yatırtmağa davam edib. "Orada daha nələr maliyyələşmədi ki? Mən dəqiq rəqəm deyə bilmərəm, amma mənə dedilər ki, bu, on milyardlarla dollardır. Həmin vəsait Yanukoviç və onun rejiminin gücləndirilməsi ilə bağlı müxtəlif proqramlara sərf edilib ",- Qudkov bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov bildirib ki, Ukrayna Konstitusiya Məhkəməsinin keçmiş sədri Oleksandr Tupitski fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra qaçaq prezident Viktor Yanukoviçin legitimləşdirilməsində iştirak etməli idi.
İlahin, Bizimyol.info