Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayının min oyunu.., yaxud "Naxçıvan" "AZAL"dan niyə ayrılıb?
Ayının min oyunu.., yaxud "Naxçıvan" "AZAL"dan niyə ayrılıb?

Ötən il “Naxçıvan” Beynəlxalq Hava Limanı “AZAL”-ın tabeliyindən çıxarılaraq, Naxçıvan Nazirlər Kabinetinin tabeliyinə verilmişdi. Bununla da belə bir qənaət hasil olmuşdu ki, “AZAL” rəhbəri Cahangir Əsgərovun insafsızlığından Muxtar Respublika rəhbərliyi də agahdır və onunla əqidədaş olmaq istəmir. Adıçəkilən qərar elə məhz bunun üçün verilib.

Ancaq bu yaxınlarda Bakı-Naxçıvan təyyarələrinin gediş-gəliş biletlərinin 50 AZN-dən 60 AZN-ə qaldırılması onu göstərdi ki, “Naxçıvan” Aeroportunun “AZAL”-dan ayrılması, “əqidədaşlıq” problemi yox, ticarət sancısı imiş. Yaranmış mənzərə onu göstərir ki, əgər “Naxçıvan” Aeroportu “AZAL”-ın balansından çıxarılmasaydı, Muxtar Respublika rəhbərliyi biletin qiymətini 10 AZN artıra bilməyəcəkdi. Səndemə, Baş nazirin imzaladığı həmin qərarın mahiyyəti elə bu 10 manatın üzərində qurulubmuş. Yəni adamlar biletlərin qiymətini 10 manat artırıb, “qabağa düşmək” üçün belə bir qərarın imzalanmasına can-fəşanlıq göstərirmişlər. Necə deyərlər, “ayının min oyunu var, bir armudun üstündə”.

Əgər məsələ 10 manat idisə dövlət ərkanını narahat etməyə, kitabda qayda-qanun dəyişməyə nə hacət vardı? Guya, bu gün Naxçıvana enən, yaxud Naxçıvandan qalxıb, Bakıya gələn təyyarələrin üzərində “AZAL” kəliməsi yazılmırmı? Məşhur mahnıda deyildiyi kimi, “həpimiz qardaşıq, bu ayrılıq nə deyə?”

“AZAL”-la “Naxçıvan” Beynəlxalq Hava Limanı da belə görünür ki, elə əqidə və əməl baxımından “qardaşdırlar”. Sadəcə ortada 10 manatlıq bir xeyir üçün cəmiyyətin gözünə kül üfürməyi öncədən yazıb-cızıblar, bu gün də ölkə ictimaiyyətini həmin “sürprizləri” ilə “sevinc”ə qərq edirlər.

Yaranmış “qardaş problemi”nə  Milli Məclis üzvü Fazil Mustafa da öz ciddi etirazını bildirərək, məsələni Milli Məclisdə qaldıracağını elan edib. Bununla bağlı deputat öz səhifəsində bildirib: “Naxçıvana təyyarəyə bilet tapılmır. Onlarla adam zəng edib köməklik istəyir. Əməlli-başlı dərəbəylikdir. Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Üstəlik, əldə etdiyim məlumata görə bu biletlər gizli şəkildə məlum turizm şırkətlərinə satılır. Nə veclərinə, əhali əziyyət çəksin, turizm şirkətləri qazansın. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə, ayıb olsun, ar olsun deyirəm, onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, Ermənistanın verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin. Sabah Milli Məclisdə sözümü bu mövzuda deyəcəyəm”.

Görək, Fazil Mustafanın səsinə səs verəcək neçə deputat olacaq? Yaxud da, qapalı qapılar ardında olan bu “üsyan” o qapıdan kənara çıxa biləcəkmi? Nəticənin dəyişəcəyinə açığı, inam yoxdur. Ancaq göydə Allahdan, yerdə də “Milli Məclis”dən ümid kəsilməz.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »