Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya, Ukrayna və Türkiyə taxıl ixracı üçün təcili rabitə kanalı yaradıblar
Rusiya, Ukrayna və Türkiyə taxıl ixracı üçün təcili rabitə kanalı yaradıblar

Rusiya, Ukrayna və Türkiyə müdafiə nazirlikləri vasitəsilə Ukrayna limanlarından taxıl ixracı ilə bağlı təcili rabitə kanalı yaradıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin TRT telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ölkələr bu kanalın işini həyata keçirmək üçün general rütbəli nümayəndələrini təyin edəcəklər. Onun köməyi ilə taxıl ixracı məsələlərinin daha ətraflı müzakirə olunacağı, nəticədə bu prosesin məntiqi yekunlaşacağı iddia edilir.

“Biz həm Rusiya, həm də Ukrayna ilə intensiv danışıqlar aparırıq, hər iki tərəfin narahatlığı var və biz bu narahatlıqları aradan qaldırmağa çalışırıq. Biz buna ümid edirik”, - Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

İyunun 8-də Ankarada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında keçirilən danışıqlarda “taxıl dəhlizi”nin yaradılması məsələsi müzakirə olunub. Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl demişdi ki, Kiyev öz limanlarını minalardan təmizləyərsə, Moskva Ukrayna taxılını daşıyan gəmilərin maneəsiz keçidinə zəmanət verəcək, həmçinin Berdyansk və Mariupol kimi Rusiyanın nəzarətində olan limanlar vasitəsilə malların ixracını təmin edə bilər.

O, qlobal ərzaq bazarında problemlərin 2020-ci ilin fevralında başladığını xatırladıb.

Türkiyə hakimiyyət orqanları Ukrayna taxılının Qara dəniz vasitəsilə tədarükü üçün təhlükəsizlik zəmanəti verə biləcəklərini bildiriblər. TRT telekanalı ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbələrə istinadən xəbər verib ki, Ukrayna taxılının tədarükü üzrə yol xəritəsinin icra mexanizmi 80-90 faiz hazırdır və müvafiq razılaşmalar mümkün qədər tez əldə olunarsa, o, işə düşə bilər.

Qeyd edək ki, Ukraynadan taxıl ixracının dayanması dünyada aclıq riskini artırıb. Bəzi Afrika öıkələrində artıq çörək qıtlığı yaranıb. Rusiya vəziyyətdən istifadə edərək ixraca şərait yaratmaq qarşılığında sanksiyaların azaldılmasına çalışsa da, ABŞ bu təklifi rədd etmişdi. Ağ Ev Kremlin aclıq riskindən sui-istifadə cəhdini "dəhşətli əməl" adlandırmışdı.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »